Allahın ordusu, şeytan (lən) ordusunun qarşısını almaq üçün təşkil edilmişdir. Bəs bu orduda olanlar kimlərdir?
“Allaha və axirət gününə iman gətirən qövmün, Allah və Onun Rəsulu ilə düşmənçilik edənlərlə – hətta öz ataları, övladları (oğulları), qardaşları və qohumları olsalar belə – dostluq etdiyini görməzsən.
Onlar elə kəslərdirlər ki, Allah onların qəlbində imanı sabit etmişdir və Öz tərəfindən olan bir ruhla (məxsus bir nurla, yaxud Qur’an maarifi ilə, ya qeybi uğurlarla) onları qüvvətləndirmişdir. Onları (axirətdə) (evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlərə və bağlara daxil edəcəkdir. Onlar orada əbədi qalarlar. Allah onlardan razıdır və onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər, bil ki, şübhəsiz, Allahın firqəsi həmin nicat tapanlardır”. (“Mücadilə” 22).
Milletinsesi.az deyerler.org-a istinadən bildirir ki, Qurani-Kərim buyurur ki, o kəslərin ki, Allaha və axirət gününə imanları vardır, saleh əməl görərlər və təqva əhlidirlər – onlardır Allah ordusunun əsgərləri. Allah onların qəlblərini imanla yazmışdır və onları Öz tərəfindən olan ruh vasitəsilə təsdiq etmişdir. Onlara behiştə daxil olmaq vədini vermişdir. Onlar Allahdan razıdırlar və Allah da onlardan razıdırlar.
Allah Təala Öz ordusu barəsində başqa ayədə buyurur: “Həqiqətən sizin başçınız və işlərinizin ixtiyar sahibi yalnız Allah, Onun peyğəmbəri və iman gətirənlər – namaz qılıb rüku halında zəkat verən kəslərdir. (Hər iki məzhəb tərəfindən nəql edilmiş rəvayətlərə əsasən, cəm şəkildə buyurulan bu ayənin yeganə nümunəsi Əli (ə) və onun rüku halında üzük bağışlamasıdır)”. (“Maidə” 55).
Allah ordusu barəsində nazil olan ayələrdən belə nəticəyə gəlmək olur:
1. Onlar Allah düşmənləri ilə ən kiçik rabitədə belə deyildirlər.
2. Onların qəlbləri imanla doludur.
3. Onlar Allah tərəfindən təsdiq olunmuşlardırlar.
4. Onların mükafatı behiştdir.
5. Onlar xilas olunmuşlardır.
6. Həm onlar Allahdan razıdırlar və həm də Allah onlardan razıdır.
7. Onlar ancaq Allaha, Rəsuluna (ə) və İmamlara itaət edərlər, vilayət yolundadırlar.
8. Onlar qələbə çalan möminlərdirlər.
Beləliklə deyə bilərik ki, hər kim Allah yolunun yolçusu olar, bu ordunun əsgərinə çevrilər və şeytan ilə mübarizə aparar.
Allah bizləri yolumuzdan azmağa qoymasın!