Xəbər verildiyi ki, dünən Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşünün sonunda bəyanat qəbul edilib.
Bəyanat Yelisey sarayının rəsmi saytında dərc edilib.
Bəyanatda deyilir: “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il “Alma-Ata bəyannaməsi”nə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir.
Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq”.
Bəs “Alma-Ata bəyannaməsi” nəyi ehtiva edir?
Modern.az saytının məlumatına görə, 8 dekabr 1991-ci ildə SSRİ-nin dağılmasının qarşısının alınmaz olduğunu dərk edən Rusiya, Ukrayna və Belarusun rəhbərləri – Boris Yeltsin, Leonid Kravçuk və Stanislav Şuşkeviç “Belovejsk sazişi” adlanan sənədə imza atdılar. Bu, keçmiş SSRİ-nin fiaskosunu təsdiqləyən ilk sənəd oldu. Beləliklə də, 8 dekabr 1991-ci ildə MDB-nin əsası qoyuldu.
21 dekabr 1991-ci ildə isə Alma-Ata şəhərində Rusiya, Ukrayna, Belarus, Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan MDB-yə qoşulmaq haqqında ümumi razılığa gəldi və “Alma-Ata bəyannaməsi” qəbul olundu.
Qeyd edək ki, “Alma-Ata bəyannaməsi”ni Azərbaycandan o zamankı prezident Ayaz Mütəllibov, Ermənistandan isə Levon Ter-Petrosyan imzalamışdı.
Sənədə imza atan digər dövlət başçıları bunlar idi:
Boris Yeltsin (Rusiya),
Leonid Kravçuk (Ukrayna),
Stanislav Şuşkeviç (Belarus),
Nursultan Nazarbayev (Qazaxıstan),
Asgar Akayev (Qırğızıstan),
Mirça Snequr (Moldova),
Raxmon Babiyev (Tacikistan),
Saparmurad Niyazov (Türkmənistan),
İslam Karimov (Özbəkistan).
“Alma-Ata deklarasiyası” ilə keçmiş Sovet İttifaqı dövlətləri daxili və xarici siyasətin müxtəlif sahələrində əməkdaşlıq etmək və siyasi, iqtisadi, mədəni əlaqələri genişləndirmək niyyətlərini bəyan ediblər.
MDB üzvü olan ölkələrin hər birinin ayrılıqda beynəlxalq hüququn müstəqil və bərabərhüquqlu subyektləri olduqları da bəyan olunub.
“Alma-Ata bəyannaməsi”ndə deyilir ki, müstəqil dövlətlər Azərbaycan Respublikası, Ermənistan Respublikası, Belarus Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Moldova Respublikası, Rusiya Federasiyası (RSFSR), Tacikistan Respublikası, Türkmənistan, Özbəkistan Respublikası və Ukrayna münasibətləri dövlətlərin suverenliyini, öz müqəddəratını təyin etmək hüququnu, bərabərlik və daxili işlərə qarışmama prinsiplərini qarşılıqlı tanınma və hörmət əsasında inkişaf edəcək.
Sənəddə qeyd olunur ki, adları çəkilən dövlətlər gücdən istifadə və güc təhdidi, iqtisadi və hər hansı digər təzyiq üsullarına yol verməməklə mübahisələri sülh yolu ilə həll edəcək. Bundan başqa, MDB üzvləri insan hüquq və azadlıqlarına, o cümlədən milli azlıqların hüquqlarına hörmətlə yanaşacaq, öhdəliklərin və beynəlxalq münasibətlərin digər tanınmış prinsip və normalarının vicdanla yerinə yetirilməsinə hamılıqla əməl edəcək
“Alma-Ata bəyannaməsi”ndə həmçinin, bir-birinin ərazi bütövlüyünü və mövcud sərhədlərin toxunulmazlığını tanımaq və hörmət etmək öhdəliyi də tanınıb.
Sənəddə qeyd edilib ki, tərəflər bir-birinin nüvəsiz və ya neytral dövlət statusuna nail olmaq istəyinə hörmətlə yanaşacaqlar.
“Müstəqil Dövlətlər Birliyinin yaranması ilə Sovet Sosialist Respublikaları İttifaqının mövcudluğu dayandırılır. Birliyə üzv dövlətlər öz konstitusiya prosedurlarına uyğun olaraq keçmiş SSRİ-nin müqavilə və sazişlərindən irəli gələn beynəlxalq öhdəliklərin yerinə yetirilməsinə təminat verirlər.
Birliyə üzv dövlətlər bu Bəyannamənin prinsiplərinə ciddi riayət etməyi öhdələrinə götürürlər”, – deyə deklarasiyanın sonunda qeyd edilib.
Qeyd edək ki, 22 yanvar 1993-cü ildə MDB Dövlət Başçılarının Şurası yaradıldı. Lakin Azərbaycan parlamenti hələ də MDB üzvlüyü ilə bağlı qərarı təsdiqləməmişdi və rəsmi Bakı qurumun iclaslarına yalnız müşahidəçi kimi qatılırdı. Nəhayət 1993-cü ilin 20 sentyabrında parlament MDB-yə qoşulmaq haqqında qərarı təsdiq etdi və Azərbaycan MDB-nin tamhüquqlu üzvü oldu.
MDB-nin əsas məqsədləri siyasi, iqtisadi, ekoloji, humanitar, mədəni və digər sahələrdə əməkdaşlıqdan və üzv-dövlətlərin ümumi iqtisadi məkanda, dövlətlərarası kooperasiya və inteqrasiya şəraitində hərtərəfli inkişaf etdirilməsindən ibarətdir.
Təşkilatın ali orqanı burada təmsil olunmuş ölkələrin Dövlət Başçıları Şurasıdır. Şura təşkilatın fəaliyyətilə bağlı prinsipial məsələləri müzakirə edir və qərarlar çıxarır.
A.Qorxmaz