Almaniya və Böyük Britaniya zəlzələ ilə bağlı Türkiyəyə başsağlığı verib.
Modern.az xəbər verir ki, hər iki ölkənin XİN başçıları tviter səhifəsində bununla bağlı paylaşım edib.
Almaniyanın xarici işlər naziri Annalena Berbok yazıb:
“Türkiyə və Suriyadan qorxunc xəbərlərlə oyandıq. Fikrim bu qorxunc zəlzələ qurbanlarının yaxınları, ailələri, dostları, qonşuları və qorxan hamının yanındadır. Müttəfiqlərimizlə birlikdə sürətlə yardım üçün çalışacağıq”, – deyə o qeyd edib.
“Türkiyə və Suriya zəlzələsində faciəvi itkilər var. Ölənlərin ailələrinə başsağlığı diləyirik. Britaniya yardım göstərməyə hazırdır”, – deyə Britaniya XİN başçısı Ceyms Kleverli də tviter səhifəsində yazıb.
Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. Son məlumata görə, zəlzələ nəticəsində 284 nəfər ölüb, 2323 nəfər yaralanıb.