AMEA-nın iki institutuna direktor seçildi

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində Humanitar Elmlər Bölməsinin (HEB) ümumi yığıncağı keçirilib.

Humanitar Elmlər Bölməsindən Milletinsesi.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bölmə üzvlərinə ümumi yığıncaq barədə ətraflı məlumat verib.

2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələrək həyata keçirilən tədbirlərdən danışan akademik İsa Həbibbəyli bu istiqamətdəki nəşrlərin əhəmiyyətindən söz açıb. Vitse-prezident ölkə başçısının sərəncamları ilə görkəmli Azərbaycan alimlərindən Məmmədağa Şirəliyev və Məmmədcəfər Cəfərovun 110 illik yubileyləri çərçivəsində görülən və nəzərdə tutulan işlərdən danışıb.

Bugünkü iclasda bölmənin Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev Muzeyinin direktoru vəzifəsini tutmaq üçün seçkilərin keçiriləcəyini vurğulayan akademik İsa Həbibbəyli elmi tədqiqat müəssisələrinin direktorluğuna namizədlərin öz qabaqcıl elmi tədqiqatları və əldə etdikləri nailiyyətləri ilə fərqlənən alimlər olduqlarını bildirib. Alimlərin öz institutlarının elmi şurasında müsabiqə yolu ilə gizli səsvermə nəticəsində irəli sürüldüyünü deyən akademik səsvermənin nəticələrinin Humanitar Elmlər Bölməsinə daxil olduğunu xatırladıb.

Bölməyə təqdim olunan sənədlərə baxılması məqsədilə texniki ekspertiza komissiyasının yaradıldığını deyən akademik HEB-in bugünkü iclasında gizli səsvermə yolu ilə seçkilərin aparılacağını və seçilən namizədlərin AMEA Rəyasət Heyətinin qərarı ilə təsdiqlənəcəyini bildirib.

Daha sonra Ümumi yığıncağın sədri akademik Möhsün Nağısoylu, ekspertlər komissiyasının sədri Muxtar İmanov və tərkibi seçiliblər.

Gizli səsvermə nəticəsində akademik İsa Həbibbəyli Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, akademik Teymur Kərimli Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, akademik Rafael Hüseynov Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı Hüseyn Cavidin Ev Muzeyinin direktoru seçiliblər.

Səsvermədə 20 bölmə üzvündən 14-ü iştirak edib.

 

Share: