Son vaxtlar Bakıda keçirilən tədbirlərdə xüsusi uniformalı insanlara rast gəlinir. Həmin şəxslərin sırasında ölkənin ictimai-siyasi həyatında tanınan şəxslər də var. Uniformaları geyinən şəxslərin rütbələri də olur.
Yəni digər xidmət sahələrində olduğu kimi, burda da olan paqonlardakı ulduzlar insanın hansı rütbəni daşıdığını simvolizə edir. Deyilənə görə, onların arasında polkovnik-leytenantdan tutmuş, generala kimi rütbələr var. Çox maraqlıdır, bu uniformalar hansı təşkilata məxsusdur, rütbələr necə və hansı əsasla verilir?
- İsmayıl Ağayev: “… general rütbəsini daşıyıram”
Bu suala cavab tapmaq üçün ilk olaraq həmin formanı geyinən və general rütbəsi daşıdığı iddia edilən Beynəlxalq Diaspor Təşkilatının rəhbəri İsmayıl Ağayevlə əlaqə saxladıq. O, “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu forma ilə çox adam maraqlanır: “Çox yaxşı oldu ki, bizə bu barədə sual verən jurnalist də oldu. Mənim və Azərbaycanda bir neçə nəfərin geyindiyi forma BMT-nin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnsan Haqları Bürosuna məxsusdur. Bu təşkilatın rəsmi saytı da var. Siz ora daxil olsanız, həmin qurum barədə ətraflı məlumat əldə edə bilərsiniz. Hazırda bizim təşkilatın Avrasiya departamenti fəaliyyət göstərir. Bizim fəaliyyətimiz də həmin departament vasitəsilə koordinasiya edilir. Qazaxıstan və Türkiyədəki nümayəndəliklərimizin fəaliyyətinə diqqət etsəniz görərsiniz ki, onlar da bizim kimi uniforma geyinirlər. Yəni bunlar yaxın ölkələr olduğu üçün dedim. Bütün dünyadakı nümayəndəliklərdə komissarlar vahid uniformadan istifadə edirlər. Bizə verilən rütbələr hərbi rütbə sayılmır. Onlar şəxsin daşıdığı vəzifəyə görə rütbə müəyyənləşdirir. Məsələn, şöbə rəisidirsə, mayor, departament rəhbəridirsə, bir az ondan yuxarı ola bilər. Mən hazırda Azərbaycan nümayəndəliyinin komissariyyatı orderini və general rütbəsini daşıyıram. Hələ ki, general rütbəsini taxmıram, çünki təqdimetmə olmalıdır. Tədbirlərə köhnə ekspert vəzifəmə uyğun polkovnik rütbəsi olan uniformada qatılıram. Biz bu təşkilat vasitəsilə bir çox problemin həllinə nail olmaq istəyirik. Onlar bu istiqamətdə bizə böyük dəstək verirlər. BMT qətnamələrinin icra mexanizminin başlanması, girovlarımıza vəkillərin göndərilməsində onlar böyük dəstək verirlər. Ona görə də bu mühüm və geniş imkanlara malik olan təşkilatın gücündən istifadə etmək qərarına gəldim”.
- İsmayıl Zalov: “Veriblər, geyinirəm və bunda hər hansı bir qəbahət də görmürəm”
Sözügedən formanı geyinənlərdən biri də İsmayıl Zalov soyadlı ictimai fəaldır. O, “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, sözügedən uniforma ilə bağlı qurumun rəhbərliyində təmsil olunan Füzuli müəllimlə əlaqə saxlasaq yaxşı olar: “Mən dövlətə və dövlətçiliyə bağlı adamam. Bütün addımlarımda bunu sübut edirəm. Formayla bağlı məni niyə sorğu-sual edirsiniz? Veriblər, geyinirəm və bunda hər hansı bir qəbahət də görmürəm. Rütbəm polkovnik-leytenantdır. Bunu yalnız vaxtilə rütbəsi olan şəxslərə verirlər. Mənim rütbəm mayor olduğu üçün, hazırda polkovnik-leytenant paqonunu taxıram. Formanın hansı təşkilata məxsus olduğunu da bilirəm. BMT-nin nəzdindəki İnsan Haqları Bürosuna aiddir. Mən bu formanı harda gəldi geymirəm ki, problem yaşansın. Yalnız rəsmi tədbirlərə geyinirəm. Başqa yerdə geyib özümü reklam etməyə zərurət görmürəm. Biz əməlimiz və işlərimizlə özümüzü tanıdırıq. Həmin təşkilatın vəsiqəsi də məndə var”.
Biz təşkilatın rəhbərliyində təmsil olunan Firdovsi müəllimlə də əlaqə saxladıq. O, yaxın zamanlarda qurumun fəaliyyəti barədə bizə ətraflı məlumat verə biləcəyini söylədi.
Məhəmmədəli Qəribli
Azinforum.az