
“Ermənistanda eko-fəalların Amuldağ qızıl yatağı ilə bağlı etirazı bu ölkədə ekoloji durumun kifayət qədər ağır olduğunu göstərir”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Arzu Nağıyev bildirib. Millət vəkili qeyd edib ki, 30 ilə yaxın müddətdə işğalda saxladığı Azərbaycan torpaqlarında təbiətə divan tutan İrəvan, Ermənistan daxilində də ekoloji böhran vəziyyəti yaradıb:
“Ermənistan 30 ilə yaxın müddətdə işğal altında saxladığı Qarabağ və ətraf rayonları talamış, oradakı təbii resursları vəhşicəsinə istismar etmiş, təbiətə böyük zərbə vurmuşdur. Meşələr kütləvi şəkildə məhv edilmiş, su hövzələri və torpaq örtüyü çirkləndirilmişdir.
Bu gün Amuldağ qızıl yatağı ilə bağlı erməni eko-fəalların keçirdiyi etirazlar İrəvanın Ermənistan daxilində də ağır ekoloji böhran şəraiti yaratdığını göstərir. Bu fakt onu göstərir ki, rəsmi İrəvan Ermənistan daxilində belə təbiətin qorunması, ekologiyanın yaxşılaşdırılması istiqamətində heç bir addım atmayıb. Qarabağı silah-sursatla, minalarla çirkləndirən, insanlarla yanaşı, həm də təbiəti qətlə yetirən Ermənistan hərbi-siyasi hakimiyyəti öz ölkəsinin belə qeydinə qalmayıb, vətəndaşlarını ağır ekoloji şəraitdə yaşamağa məcbur edib.
Hesab edirəm ki, beynəlxalq ictimaiyyət erməni eko-fəalların etirazına dəstək verməli, İrəvanı təbiəti bərpa etmək və ekoloji mühit yaxşılaşdırmaq istiqamətində addımlar atmağa məcbur etməlidir”.
Seymur ƏLİYEV