Anar Əsədli – Oqtay Qasımov davası

Azərbaycan Yüksəliş (AY) Partiyasının sədri Anar Əsədli Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb. Partiyanın mətbuat xidmətinin yaydığı ilkin məlumatda sədrin çağırılmasına səbəb kimi “təşkil edilən şikayət” göstərilib. Ardınca da əlavə olunub ki, həmin şikayətlər əsasında AY Partiyaya təzyiq göstərmək istəyirlər.

“AY Partiya bəyan edir ki, bu hərəkətlərlə partiyanı, onun başqanını, funksionerlərini və üzvlərini siyasi fəaliyyətdən, yürüdüyü yoldan döndərmək mümkün olmayacaq”.

Anar Əsədli ilə bağlı dünən sosial şəbəkələrdə yayılan yeni məlumat olaya bir qədər aydınlıq gətirib. Məlum olub ki, AY Partiyanın sədri ilə bağlı polisə şikayəti mərhum eks-prezident Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov edib. Yayılan məlumatda iddia edilib ki, A.Əsədli O.Qasımova məxsus külli miqdarda vəsaiti mənimsəyib.

Qeyd edək ki, məsələ ilə bağlı sosial şəbəkədə açılan müzakirə qalmaqalla müşayiət olunub

Modern.az-ın əməkdaşı bununla bağlı tərəflərin münasibətini öyrənməyə çalışıb.

Oqtay Qasımov sorğumuza cavabında belə məsələlərin ictimai şəkildə müzakirə edilməsinin tərəfdarı olmadığını vurğulayıb.

“Azərbaycan hüquqi dövlətdir. Buna görə də bütün məsələlər hüquqi çərçivədə öz həllini tapmalıdır. Əgər bu məlumatı hüquq-mühafizə orqanları lazım bilsəydi, açıqlayardı. Yalnız ondan sonra mən də fikir bəyan edə bilərdim. İndiki halda isə məlumatlar haradan, necə yayılıb, bu barədə danışmağın tərəfdarı deyiləm. Bir sözlə, məsələyə hüquq-mühafizə orqanlarının münasibət bildirməsi daha yaxşıdır. Onlarda partiya sədrinin mənim şikayətimlə saxlandığı ilə bağlı məlumat varsa, bu barədə məlumat verərlər”,-deyə O.Qasımov vurğulayıb.

Azərbaycan Yüksəliş Partiyası sədrinin müavini Sevinc Fədai isə bildirib ki, irəliləyən vaxtlarda partiya sədri Anar Əsədli məsələ ilə bağlı daha geniş açıqlama verəcək:

“Bu açıqlama ilə mətbuat da tanış olacaq. Ona görə də, bizə düşən sadəcə təmkinli olub gözləməkdir. Partiyanın məsələ ilə bağlı indiyə qədər yaydığı məlumat isə hələ də qüvvədədir”.

 

Share: