Ankarada Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib

Azərbaycanın Türkiyədəki səfirliyi və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə Ankarada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Azərbaycan və Türkiyədən dövlət və ictimai xadimlərin, millət vəkillərinin, ziyalıların və ictimaiyyət nümayəndələrin iştirak etdiyi tədbir 1 dəqiqəlik sükut və iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Daha sonra Ulu Öndərin mənalı həyat yoluna həsr olunan film nümayiş etdirilib.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Ankara Universitetinin rektoru Nəcdət Ünüvar, Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun rəhbəri, deputat Əhliman Əmiraslanov, Türkiyə Prezidentinin baş müşaviri İlnur Çevik çıxış edərək Ulu Öndərlə bağlı xatirələrini bölüşüb, Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulması və gücləndirilməsində tarixi xidmətlərindən danışıblar.

Qeyd olunub ki, yenicə müstəqilliyini bərpa etmiş, daxili və xarici düşmənlərin təhdidləri ilə qarşı qarşıya qalmış Azərbaycan, məhz Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində bu təhlükələrdən sovuşaraq möhkəmlənmiş, nəhəng regional layihələrə imza atılaraq Azərbaycanın mövcud uğurlu inkişafının əsası qoyulmuşdur.

Türkiyə mədəniyyət və turizm nazirinin müavini Özgül Özkan Yavuz Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarının Azərbaycan-Türkiyə münasibətlərinin təməlində durduğunu vurğulayıb, bu münasibətlərin bundan sonra da yüksələn tempdə inkişaf edəcəyinə əminliyini ifadə edib.

Rəsmi hissənin ardından baş tutan konsertdə Azərbaycanın Xalq artisti Azərin Ümummilli Lider Heydər Əliyevin sevdiyi mahnıları səsləndirib.

Mənbə

Share: