Antonio Espinos: “Bakıdakı yarış ilin son Premyer Liqa turniri olacaq”

 

“Bakıda keçiriləcək Premyer Liqa turniri mövsümün sonuncu yarışı olacaq”.

Milletinsesi.az-ın məlumatına görə, bunu WKF (Ümumdünya Karate Federasiya) prezidenti Antonio Espinos Bakıda keçiriləcək karate üzrə Premyer Liqa yarışının mətbuat konfransında deyib.

O bildirib ki, oktyabrda keçiriləcək Los Anceles Premyer Liqa turniri ləğv olunduğundan, Bakıdakı yarış mövsümün son turniri olacaq: “Biz istəyirdik ki, mövsüm ərzində 5 Premyer Liqa turniri keçirək. Ancaq mümkün olmadı. Artıq yenisi olmayacaq. Bunun üçün deyə bilərəm ki, Bakıda 2022-ci ilin sonuncu Premyer Liqa turniri keçiriləcək”.

O daha sonra Türkiyənin Konya şəhərində keçirilmiş V İslam Həmrəyliyi Oyunlarının finalında hakim haqsızlığı ilə üzləşmiş Asiman Qurbanlının Səudiyyə Ərəbistanı idmançısı Tareq Hamedi ilə görüşündən danışıb: “Həmin final matçını yaxşı xatırlayıram. Düşünürəm ki, çox yaxşı görüş oldu. Hər iki idmançı top atletlərdir. Sadəcə, bunu deyə bilərəm ki, yaxşı görüş keçdi”.

Qeyd edək ki, Premyer Liqa 2 – 4 sentyabrda Heydər Əliyev adına İdman Kompleksində baş tutacaq.

Mənbə

Share: