“Robert Köçəryan, Serjik Sərkisyan və s. kimi sovet “KQB”-nin “şinel”indən çıxmış Samveli, çox güman ki, Moskva Azərbaycana qarşı gələcək planlarında istifadə üçün yenidən ehtiyat oyunçu kimi ortalığa atıb…”
Mayın 4-də Azərbaycan Respublikasının Rusiyanın müvəqqəti(!) nəzarətində qalan Xankəndi şəhərindəki “mədəniyyət və gənclər sarayı”nda Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməmiş “Vahid Vətən” adlı qanunsuz “partiya”nın sədri Samvel Babayan “Bağlanmış yol. “Niyə bloklanıb, kim açmalıdır, biz necə davranmalıyıq?” mövzusunda üzdəniraq ictimai müzakirə keçirib və mövzu ilə bağlı fikirlərini təqdim edib.

Moderator.az xəbər verir ki, bu haqda separatçı erməni nəşrləri məlumat yayıb.
Yuxarı Qarabağdakı separatçı-terrormu rejimin qondarma “müdafiə ordusu”nun keçmiş komandanı və sabiq “dövlət naziri” S. Babayan Azərbaycanın Laçında sərhəd-buraxılış məntəqəsi yaratması, guya Qarabağdakı haykları “blokada”da saxlaması və s. haqda sərsəmləmələrini söyləyib.
O, bildirib ki, bu yaxınlarda Xankəndində Azərbaycanın guya “etnik təmizləmə” aparmasına qarşı başlanmış imzatoplama heç bir nəticə verməyəcək, çünki belə cəhd 90-cı illərdə də edilib, amma nəticəsiz qalıb”.
1991-ci ildə Azərbaycan daxili işlər orqanları və digər qurumlarının sovet ordusu ilə birgə keçirdiyi “Həlqə” əməliyyatı zamanı həbs edilərək 6 ayadək Bakıda həbsdə saxlanmış, sonradan Moskvanın göstərişi ilə buraxılmış S.Babayan Qarabağda “peşəkar ordu mexanizminə keçmək”dən də dəm vurub. “Müharibə hələ yoxdur. Amma bizə ordu, qüdrətli ordu yaratmaq lazımdır”, – deyə separatçı general çərənləyib.
Zəruri şərh:
Robert Köçəryan, Serjik Sərkisyan və s. kimi sovet “KQB”-nin “şinel”indən çıxmış Samveli, çox güman ki, Moskva Azərbaycana qarşı gələcək planlarında istifadə üçün yenidən ehtiyat oyunçu kimi ortalığa atıb. Görünür məhz Kremldən gələn göstərişlə baş separatçı Arayik Arutyunyan və “dövlət naziri” Qurgen Sərkisyan onun Xankəndinin böyük ictimai məkanlarından birində hayklarla kütləvi görüş keçirməsinə şərait yaradıb. Nəticədə Arayik və Qurgendən ümidini üzənlər indi də növbəti hap-gopla onları qızışdırıb başlarını qatan, amma Bakı türməsinin də dadını yaxşı bilən Samvelin başına toplaşıb…
Sultan Laçın


