Qarabağdakı Rusiya hərbçilərinin müvəqqəti nəzarətində yerləşən Laçın şəhəri, Zabux və Sus kəndlərində qanunsuz məskunlaşan ermənilər narahat günlər yaşayırlar.
Ermənistan mediası yazır ki, Qarabağdakı separatçı rejimin “ərazi və infrastruktur naziri” Hayk Xanumyan Laçın şəhəri, Zabux və Sus kəndlərində yaşayanlara evləri tərk etmək üçün avqustun 25-dək vaxt verildiyini deyib.
Ermənistan mediasına görə, sözügedən yerlərdə yaşayan ermənilər bildiriblər ki, “Laçın dəhlizi” avqustun 25-də Azərbaycanın nəzarətinə keçəcəyindən həmin yaşayış məntəqələri boşaldılır.
Milletinsesi .az xəbər verir ki, Qarabağdakı separtaçılar Laçın şəhəri, Zabux və Sus kəndlərində təxribatlar törətməyə çalışırlar.
Belə ki, separatçı-terrorçu tör-töküntünün rəhbəri Arayik Arutunyanın “xüsusi nümayəndəsi” Vahan Badasyan “Hraparak” qəzetinə bildirib ki, Laçın şəhəri, Zabux və Sus kəndlərindəki ermənilər yaşadıqları evləri tərk edərkən onları yandırmalıdırlar.
O, təzminat almaq istəyən ermənilərə “evləri yandırmamaq barədə göstəriş” verildiyini təkzib edib:
“Belə bir şey yoxdur. Məndə olan məlumata görə, Hayk Xanumyan “evləri yandırmayın” sözü işlətməyib. Əksinə, deyib ki, “mənəvi qisas olaraq evlərinizi yandıra bilərsiniz””.
Vahan Badasyan Laçın şəhəri, Zabux və Sus kəndlərindən çıxarılacaq ermənilərin Qarabağın digər bölgələrində yerləşdiriləcəyini istisna etməyib.
Azərbaycan tərəfi “Laçın dəhlizi”nə alternativ çəkilən yeni yolda işləri yekunlaşdırmaq üzrədir. Tikinti işləri bitəndən sonra Rusiya sülhməramlı qüvvələrinin “Laçın dəhlizi”ndən yeni yola keçirilməsi nəzərdə tutulur.
“Laçın dəhlizi”nə alternativ olan 32 kilometrlik yeni yolun inşası Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda öz əksini tapıb. Sənədə görə, Laçından yan keçən və Qarabağın dağlıq hissəsini Ermənistanla birləşdirən yeni yol 3 il ərzində hazır olmalıdır.
Xankəndini Ermənistanla birləşdirəcək Laçın şəhərindən yan keçən yeni yol istifadəyə veriləndən sonra Laçın şəhəri və rayonun hazırda rusların nəzarətində qalmış kəndləri Azərbaycanın nəzarətinə qaytarılacaq.
Söhbət “Laçın dəhlizi” adlandırılan 5 kilometr enindəki zolaqda yerləşən Laçın şəhəri və rayonun 6 kəndi – Qarıkaha, Ağanus, Fətəlipəyə, Kəravuz, Sus, Zabuxdan gedir. Hazırda bu yaşayış məntəqələrinin 3-də – Laçın şəhəri, Zabux və Sus kəndlərində ermənilər qanunsuz məskunlaşıblar.
A.Qorxmaz