
“1992-ci ilin yanvarında mən Laçında olanda ilk dəfə “Azərbaycan əsgəri” marşı məhz onun komandiri olduğu taborda səslənəndə gözlərim yaşardı…”
“Dünən və bu gün saytınızda Birinci Qarabağ müharibəsi dövründən bir döyüşçü komandir kimi böyük hörmət bəslədiyim keçmiş Laçın alayının komandiri, polkovnik Arif Paşanın müsahibəsini maraqla oxudum. Orada səslənən bəzi məsələlərə sonra münasibət bildirəcəm… Hələlik yalnız onu demək istəyirəm ki, əgər Şuşa və Laçının işğalı ərəfəsində Azərbaycanın hərbi komandanlığı Bakıdan kimisə, o bölgələri, o camaatı tanımayan birini göndərmək əvəzinə, Arif Paşanı həmin rayonlarda təşkil olunan briqadaya komandir təyin etsəydi, nə Şuşa işğal olunardı, nə də Laçın…”
Bu fikirləri Moderator.az-a açıqlamasında sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev ifadə edib.
“Arif bəy təxminən 1991-ci ilin dekabrında mən müdafiə naziri olanda Laçındakı taborun komandiri kimi yanıma gələndə elə ilk görüşdən onda əsl səhra komandiri xüsusiyyətlərini sezdim… Təsəvvür edirsiz, o zaman nazirlik iki ay idi ki, yaranırdı və mənim sərəncamımda rəsmən 47 zabit, 1 pulemyot və 30-40 avtomat, 2, yaxud 3 “BTR” deyilən zirehli transportyor var idi. Buna rəğmən əlimdə olan silahların ən yaxşısını, o cümlədən 1, ya da iki “ZTR”-i Arif Paşaya verərək dedim ki, get, ən strateji əhəmiyyətli rayonumuz olan Laçının müdafiəsini bacardığın qədər təmin et… Sonra 1992-ci ilin yanvarında mən Laçında olanda ilk dəfə “Azərbaycan əsgəri” marşı məhz Arif Paşanın komandiri olduğu taborda səslənəndə gözlərim yaşardı… Və o zaman şahidi oldum ki, Azərbaycanda o dövr üçün əsl nizami hərbi hissəyə oxşayan yeganə tabor onun yaratdığı hərbi birləşmədir… Sonradan Şuşada Daşaltı əməliyyatı zamanı Arif bəyin bizə dəstək üçün göndərdiyi laçınlı döyüşçülərin cəsarət və fədakarlığının da şahidi oldum… Ümumiyyətlə, Arif Paşanı bir komandir kimi çox yüksək qiymətləndirdim… Təəssüf ki, mən artıq nazir vəzfəsində olmadığım dövrdə və dediyim kimi, Şuşa və Laçının işğalı ərəfəsində ölkənin hərbi komandanlığı ona lazımi dəyər vermədi”- deyə sabiq nazir vurğulayıb.
Sultan Laçın