Artıq bütün yollar Xankəndiyə APARIR

Mayın 10-da İkinci Qarabağ savaşında Zəfərin 2,5 ili tamam olacaq. Bundan 2,5 il sonrasa Rusiya sülhməramı kontingentinin (RSK) Qarabağda “sülhməramlı” missiyası başa çatmalıdır. Mümkündür ki, geosiyasi situasiya RSK-nı buralardan daha tez itilib getməyə məcbur etsin…

Qondarma soyqırımın ildönümü ərəfəsində Həkəri çayı üzərindəki körpüdə nəzarət-buraxılış məntəqəsinin (NBM) qurulması ilə postsavaş dönəminin növbəti mühüm mərhələsinə keçildi. Savaşdan sonra Azərbaycan qələbəsinin qəti hərbi-siyasi və diplomatik təsbiti üçün iki keys üzrə – “Qarabağ-Azərbaycandır” narrativinin Ermənistanla beynəlxalq aləm tərəfindən həzm edilməsi və Ermənistanla sülh danışıqları istiqamətləri üzrə irəliləyirdi. Ukrayna müharibəsində rus hərb maşının fiaskosu və bunun yaratdığı fürsətlər fonunda Bakının taktiki, situativ manevrləri, sərt ritorikası, ultimatumları və İrəvanın “dalan situasiyası” yaratması qarşısında eskalasiyaya getməsi postsavaş proseslərini yetərincə sürətləndirdi.

Daxildə və xaricdə kimlərəsə Bakının mövqeyi izafi radikal görünə bilər, amma bu, həm sahədə, həm də diplomatiya-masa oyunlarında strateji hədəfinə çatmaqda 44 günlük müharibənin qalibinin haqqıdır. Danışıqların dirəndiyi və ya imitasiya edildiyi situasiyadan çətin ki, dinc ssenarilərlə çıxmaq mümkün olsun. Hər halda bu tarixi faktdır ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqların düyünü masada deyil, savaşda çözüldü…

Postsavaşın 2,5-ci ilinə doğru artıq bütünlükdə Cənubi Qafqazda yeni hərbi-siyasi situasiyanın yaranmasından, Rusiya və Qərbin bu situasiyaya əvvəlkindən fərqli səviyyələrdə təsirindən danışmaq olar, eləcə də yeni savaş riskinin mümkünlüyü və ya mümkünsüzlüyü barədə mülahizələr irəli sürmək olar.

Ermənistanla sərhəddə NBM-in qurulması ilə postsavaşın ilk mərhələsinin əsas nəticələrindən biri bu oldu ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi qarşıdakı dönəm üçün suqsvanq vəziyyətinə düşməkdədir. Şahmatda olduğu kimi mövcud situasiyada Bakı ilə anlaşa bilməsə, İrəvanın hər hansı gedişi, manevrləri və hadisələrin bundan sonrakı inkişaf ssenarisi Ermənistana acı məğlubiyyətlər vəd edir, gələcəyi ilə bağlı seçimlərini zorlaşdırır və ümidlərini daha çox basdırır.

İrəvanda açıq etiraf etmirlər, amma anlayırlar ki, hazırda əsas problem Ermənistanın təhlükəsizliyi ilə, dövlət kimi mövcudluğunu qoruması ilə bağlıdır. Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayan dövlət indi “Azərbaycanın mümkün ekspansiyası”ndan əndişə keçirir və qarantiya axtarır. Artıq 1991-ci il sərhədlərindən, Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan danışan, Qarabağı “unudan” Paşinyan Ermənistan üçün məhz Azərbaycanla sülh müqaviləsini qarantiya kimi görür. Düzdür, Ermənistanın baş naziri daxili və xarici konyunkturaya uyğun “iki addım irəli, bir addım geri” siyasəti ilə hərəkət edir, Qarabağla bağlı anlaşılmaz demarşlar edir, amma bu, daha çox daxili auditoriya üçündür. Paşinyanın siyasətinin əsas məzmunu, indiki missiyası Ermənistanı xilas etməkdir, buna isə köhnə narrativlərdən əl çəkmədən və Bakı ilə anlaşmadan nail olmaq mümkün deyil.


Azərbaycan üçün Qarabağın statusu məsələsi yoxdur. Ermənilər onlar üçün acı olan bu reallıqla barışmağa məhkumdurlar. Son 35 ildə “erməni arzusu” paradiqmasının əsas ünsürü “iki erməni dövləti” idi. İkinci Qarabağ savaşında Azərbaycanın milli ideyası – “Qarabağ – Azərbaycandır!” narrativi qalib gəldi, “Artsax” yarıgəbərdilmiş halda ortalıqda qaldı, ideya isə meyitə çevrildi. Laçın dəhlizində NBM qoyulduqdan sonra postsavaşın yeni mərhələsi sülh dünışıqlarının gedişatından asılı olmayahaq “Artsax meyiti”nin basdırılmasından ibarət olacaq.

Paşinyan nekrofil siyasətçi deyil, ölünü xortlatmaq cəhdlərinin yaradacağı situasiyadan dinc yolla çıxmaq müşkül olduğunu da anlayır – belə perspektiv müasir Ermənistana yalnız yeni faciələr vəd edə bilər.

Paşinyan “Artsaxın müstəqilliyi” ideyasını özü üçün çoxdan basdırıb və erməni cəmiyyəti də gec-tez buna alışacaq ki, günün ekzistensial ideyası “Qarabağsız Ermənistanın xilası” narratividir. Baş nazir bu yolda opponentlərindən çəkinmir, hay-küylərinə rəğmən erməni müxalifətinin Paşinyana qarşı qoyacaq gücü yoxdur.

Onun üçün Bakının sərt siyasəti daha çox diskomfort yaradır. Paşinyan ümidlərini Rusiyanın Bakıya təsir edə biləcəyinə və Qərbin təzyiqlərinə bağlayır. Lakin bu faktdır ki, Azərbaycan NBM-nin ləğvi tələblərinə, beynəlxalq təhdid-təzyiqlərə, hansısa konqresmen Adam Şiffin “müstəqil Artsax” sərsəmləməsinə məhəl qoymur. Bunlar ritorik tələblərdir və xarici aləmin Ermənistana real dəstək vermək imkanı yoxdur, özəlliklə də hərbi yolla. İndiki geosiyasi konyunkturada nə Qərb, nə də Rusiya birbaşa Azərbaycana qarşı çıxmaqda maraqlı görünür. Bu da erməni dramını dərinləşdirir.

Bir sıra situasiyalarda hədəflərinə çatmaq üçün eskalasiyaya getməsi o demək deyil ki, Azərbaycanın Ermənistana qarşı açıq aqressiya niyyəti var. Bakının hansısa yeni savaşa rəvac verməklə Cənubi Qafqazı daha dərin böhrana salmaq planı yoxdur. Baxmayaraq ki, nə Qərb, nə də bölgədə “sülhməramlı” qüvvələri olan Rusiya sahədə Azərbaycana əngəl ola biləcək hərbi alətlərə sahibdir. Bu fonda ötən ilin sentyabrından Azərbaycan beynəlxalq güclərə anladır ki, Cənubi Qafqazda geosiyasi mövqe sahibi olmaq istəyənlər Bakı-Ankara tandemi ilə hesablaşmağa, loyal əlaqələrə məcburdurlar. Bununla belə, hər bir halda Bakının hərbi-siyasi təzyiqləri və təhdidləri masada haqqına nail olmaq və bu istiqamətdə prosesi yerindən tərpətmək üçündür…

Vaşinqtonda baş tutacağı gözlənilən Azərbaycan-Ermənistan görüşü sülh danışıqlarında irəliləyişə müəyyən ümidlər yaradır. Hər halda, Putinin hikkəsi nə qədər yekə olsa da, dünyanın hegemonu ABŞ-dır və patronajlığından konstruktiv nəsə bir şey hasil ola bilər. Hələlik Qərbin himayəsi ilə sülh danışıqlarının nə qədər irəliləcəyi qaranlıqdır. Yalnız bu aydındır ki, Moskvasız danışıqlar Kremli bərk qıcıqlandırır. Amerikanların şərtləri ilə sülhün imzalanması ruslara böyük zərbədir. Odur ki, Vaşinqton görüşünün baş tutmasına əngəl ola bilməsə də, Moskvanın görüşün nəticələrinin heçə endirmək üçün dəridən-qabıqdan çıxacağı şəksizdir.

RSK-ya general-polkovnik Aleksandr Lentsovun komandan təyin olunması ilə Moskva Vaşinqton görüşünə ciddi “hazırlaşdığı” mesajını verdi. Postsavaş təcrübəsi və Ukrayna müharibəsi göstərir ki, Kreml Cənubi Qafqazda mövqelərini itirməmək üçün istənilən çirkin addıma və təxribata hazırdır. Rusiyanın “Рыбарь“ Telegram-kanalı “Muradov və Lentsov tandeminə stavka” adlı təhlilində vurğulayır ki, böyük döyüş təcrübəsi ilə yanaşı Lentsov “əla danışıqlar aparan və öz nöqteyi-nəzərini yeritməyə qabil” generaldır: “Hazırda Rusiya generalitetini Qarabağda həm danışıq aparan kimi Lentsov və həm də Xüsusi Hərbi Əməliyat zonasında (Ukraynada) V Rusiya qoşunları qruplaşmasının eks-komandanı general Muradov təmsil edir. Sonuncu RSK-nın komandanı olarkən öz sərtliyi və qətiyyəti ilə müsbət tərəfdən xarakterizə olunurdu. Mümkündür ki, hazırda Muradov və Lentsov tandeminə stavka etməklə Rusiya rəhbərliyində Azərbaycan-Ermənistan konfliktində dəyişikliyə ümid edirlər”.

General Lentsov nəfəsini dərmədən fəaliyyətə başlayıb və artıq Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşüb, RSK missiyasının effektivliyini necə artırmağı, həmçinin NBM məsələsini müzakirə edib. Belə görünür ki, Moskva Qarabağ keysində Ermənistanı yenidən subyekt səviyyəsinə qaldırmağa çalışacaq.

Cənubi Qafqazda Azərbaycan və regionda maraqları olan geosiyasi oyunçular öz ssenarilərini çoxdan çızıblar, situasiyaya uyğun qrafiklərlə hərəkət edirlər. Ukraynanın yaya doğru genişmiqyaslı əks-hücumu, sərhədlərinə çıxmaqdan daha çox Rusiyanın hərbi gücünü tükətməsi şübhəsiz ki, bu ssenarilərə ciddi korrektələr edəcək. Azərbaycan öz qrafiki ilə irəliləyir, əlbəttə ki, geosiyasi konyunktura bu irəliləmənin sürətinə təsir edəcək, amma irəliləmənin hədəfini dəyişməyəcək.

Postsavaşın ilk mərhələsində bütün yollar Laçın dəhlizində NBM-yə gedirdi, indi artıq bütün yollar Xankəndiyə aparır…

Mənbə

Share: