“Artıq kiminlə qarşılaşacağımız önəmli deyil” – Vaqner da Silva

“Qarabağ”ın qapıçısı Vaqner da Silva Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniyanın “Partizani” klubuna qarşı cavab oyunundan (2:0) sonra jurnalistlərin suallarını cavablandırıb.

Milletinsesi.az xəbər verir ki, 33 yaşlı braziliyalı qolikper öncə matçla bağlı danışıb:

– Oyunun ən yaxşısı olmağımla razı deyiləm. Biz bu gün komanda oyunu nümayiş etdirdik. Hər şeyi ortaya qoyduq. Komanda yoldaşlarımı təbrik edirəm. Stadiona gələn hər bir azarkeşə minnətdaram, sona qədər dəstək oldular.

– Oyunun ikinci hissəsində vacib qurtarış etdin. Həmin epizod həlledici an oldu?

– İstənilən halda, qapıçı üçün qurtarış etmək sevindiri haldır. Ona görə də biz bundan bir növ zövq alırıq. Ancaq bu qələbə komandanındır. Hamı bərabər əziyyət çəkdi. İndi diqqətimizi növbəti oyunlara kökləməliyik.

– II mərhələdə “Riqa”nı arzu edirdin, yoxsa “Dandolk”u?

– Çox təəssüf ki, rəqibi seçmək ixtiyarımız yoxdur. Bizə mərhələni keçmək lazım idi. Artıq kiminlə qarşılaşacağımız önəmli deyil. Oyuna ciddi hazırlaşmalıyıq.

– “Qarabağ”ın yeni qapıçı alacağı iddiaları var. Rəqabətə hazırsan?

– Bu sual mənə aid deyil. Rəqabətdən heç zaman qorxmamışam. Karyeram ərzində hər zaman rəqabət yaşadım və buna hazıram. Digər qapıçımız Şahruddində böyük potensial görürəm. Azərbaycanın böyük qapıçılarından biri olacaq. Rəqabətdən çəkinmirəm. Bu məsələ klubun üzərinə düşür.

Qol.az

Share: