Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Vüsal Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Modern.az-ın məlumatına görə, hakim Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə V.Bayramov 9 il 2 ay azadlıqdan məhrum edilib.
İttihama görə, ötən il sentyabrın 2-i saat 23 radələrində paytaxtın Nizami rayonu, M.Şərifli küçəsində 1995-ci il təvəllüdlü Ayşə Bayramovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1989-cu il təvəllüdlü Vüsal Bayramovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Ayşə Bayramovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Vüsal Bayramov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.