Arxı tullanmamış “hopp” deməyin axırı

Arxı tullanmamış “hopp” deməyin axırı

Iki həftə öncə Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində bizim “Qarabağ”ın püşkünə İrlandiyanın “Şelburn” komandası, Rumıniyanın FKSB klubunun bəxtinə isə Şimali Makedoniyanın “Şkendiya” komandası düşəndə FKSB-nin prezidenti Cici Bekalinin şəklini və onun bir az aşağıda oxuyacağınız açıqlamasını skrinşot edib saxlamışdım.

Atalar gözəl deyib: “Saxla samanı, gələr zamanı”. Ürəyimə damımışdı ki, postsovet məkanının yatıb-çıxmış “lotu”ları kimi danışan bu kişi çox pis pərt olacaq. Elə də oldu. Amma bir az əvvəldən başlayaq.
Bekali püşkü dəyərləndirərək belə demişdi: “Yaxşı püşkdür. Biz “Qarabağ”ı artıq məğlub etmişik. “Qarabağ”a qalib gəlməyəndən sonra Çempionlar Liqasına düşmək istədiyini necə demək olar? Onlar bizim səviyyədə deyil, futbolları da bizim futbolla müqayisəyə gəlmir. Komanda oyunçularını itirib, ritmdən düşüb. Biz “Qarabağ”ı darmadağın edəcəyik”.

Bekalinin arxı tullanmağına hələ bir arx da vardı, “Qarabağ”la qarşılaşmaq üçün öncə “Şkendiya”nə keçməliydi. Ancaq o, iki “hopp”u birdən deyirdi. İnsafən, adam “Qarabağ”ın “Şelburn”u keçəcəyini düzgün proqnozlaşdırmışdı, düşüncəsi bu idi ki, özləri də “makedoniyalılar”ı keçəcək və “qarabağlılar”la rəqib olacaqlar, həmin oyunda isə dediyi kimi olacaq.

“Qarabağ”a çətin olmadı, İrlandiyada keçirilən ilk oyunda cütlüyün taleyi, demək olar ki, həll edildi, komandamız səfərdə 3 qol vurdu, Bakıya əmin addımlarla qayıtdı. Ancaq Qurban Qurbanov yenə döşünə döymədi, rəqibi aşağılamadı, “irlandlar məğlub olmağı sevmir, Bakıdakı oyuna ciddi hazırlaşacağıq” dedi.

Açığı, Cici bəyin o cür böyük danışması “Qarabağ”sevərlərə yer eləmişdi, sosial şəbəkədəki şərhlərdə cürbəcür şeylər yazırdılar.

Biri yazırdı: “Qarabağ bu gün səfərdə oynadığı oyunu Buxarestdə oynasa , heç nə, elə kişinin dediyi düz olacaq”. (Bu deyən olmadı).

O biri bu cür yazırdı: “Sənin kimi təkəbbürlü qocanı Allah rüsvay etsin”. (Onun dediyi oldu).
Başqa biri yazırdı: “Qarabag”ın ən yaxşı cavabı bunu “Ludoqorets”in gününə qoyub pley-offa düşməkdir”. (Buna ehtiyac qalmadı).

Lakonik şəkildə adamı “bambılı” adlandıranlar, “Skendiya” ilə “Qarabağ”ın rəqib olacağını proqnozlaşdıranlar vardı. (Onlar deyən yüzdəyüz oldu).

Qurban Qurbanov isə Bekalinin replikasına belə cavab vermişdi: “Hansısa insanla heç bir kontaktım, münasibətim yoxdursa, onun haqda fikir bildirə bilmərəm. Hələ bəlli deyil, onlarla düşəcəyik, ya yox”. (Elə də oldu).

 

 

Beləcə, bir daha sübut olundu ki, futbolda yekə-yekə danışmaq olmaz. Bu müharibə qarşılaşması deyil ki, tərəflərin birinin “dəmir günbəz”i, “Patriot”u, 40 saat göydə qalan təyyarəsi, bunker dələn raketləri olur, o birinin olmur, iki həftə tamam olmamış güclü silahı olan qalib gəlir.

Bu futboldur, hər iki tərəfdə 11 oyunçu, bir dənə girdə top var, kim çevik tərpənsə, qeyrətli oynasa, əzmkarlıq göstərsə, o da udur.

Bizim Qurban qardaşın ən üstün keyfiyyəti odur ki, heç vaxt böyük danışmır, bütün rəqibləri ilə sayğılı davranır, onlara böyük hesabla qalib gəlsə də, sındırmır, “yaxşı oynadılar, ciddi müqavimət göstərdilər, asan qələbə olmadı” deyir. Heç görmüşünüz ki, hansısa oyundan əvvəl Qurban Qurbanov “mütləq qələbə qazanacağıq” desin? Deməz. Çünki hər oyunun üç mümkün nəticəsi var, onlardan yalnız biri qələbədir, digər ikisi məğlubiyyət və heç-heçədir. “Qələbə qazanacağıq” deyən məşqçi qələbə qazananda ona “pah, necə demişdi, elə də oldu” demirlər, amma uduzanda ağızlar açılır: “Nə oldu, demişdin, udacaqsan, aşsüzənə döndərdilər”; “Arxdan tullanmamış “hopp” eləməyin axırı belə olur” və s.

Hələ bir çox tərbiyəsiz gənclər söhbəti qurşaqdan aşağı yerlərə gətirirlər, biədəb şeylər yazırlar.

İndi adamın vaxtı ola, sosial şəbəkələrin Rumıniya seqmentini izləyə, görə istifadəçilər Cici Bekalini nə günə qoyurlar.

Samir Sarı, musavat.com

 

Share: