Atasının məzara qoyulma anını görmək azyaşlı uşağa ağır travma yaşadır

Laçın istiqamətində şəhid olan gizir Vidadi Zalovun azyaşlı oğlunun atasının dəfnində çəkilmiş fotosu iki gündür sosial şəbələlərdə və əksər KİV-lərdə tirajlanır.

 

Atasının nəşinin məzara uzadılmasına və üstünün torpaqlanmasına dözə bilməyən azyaşlı uşağın göz yaşına boğulan anını əks etdirən foto və videogörüntülər ürəkləri sızladır, insanın qanını dondurur. Şübhəsiz ki, şəhid övladı ömrü boyu bu səhnənin təsiri altında olacaq, atasının qəbrə qoyulma anını unuda bilməyəcək…

 

Bununla yanaşı, azyaşlı şəhid övladının çəkdiyi əzab və acının görüntülənərək yayılması həm də müxtəlif suallar doğurur?

 

Məsələn, azyaşlı uşağın dəfn yerinə aparılması nə dərcədə düzgündür? Onun necə hisslər keçirəcəyini, hansı hallara düşəcəyini, çox ağır psixoloji travma ala biləcəyini düşünmək çətin idimi?

 

Digər tərəfdən, ağır durumda olan uşağın əks olunduğu foto və video görüntülərin social şəbəkədə və KİV-də paylaşılması nəyə xidmət edir?

 

Modern.az​​​-ın məlumatına görə, mövzu ilə bağlı AzEdu.az-a danışan Azərbaycan Psixologiya Akademiyasının psixoloqu Ezgi Şahin bildirdi ki, azyaşlıların qəbiristanlığa aparılması, xüsusilə də balaca uşağın atasının dəfn anını müşahidə etməsi yolverilməzdir. O, belə halların uşaq psixologiyasında silinməz izlər qoya biləcəyini vurğulayıb. Müsahibimiz böyükləri diqqətli olmağa çağırıb:

 

“Təəssüf ki, bəzən davranışlarımızın, sözlərimizin uşaqlarda necə hisslər doğurduğunu anlamırıq, amma bunu əvvəlcədən düşünməliyik”.

 

Dəfn mərasimlərinin uşaqların şüuraltına mənfi təsir göstəridiyini qeyd edən psixoloq bildirib: 

 

 

“Azərbaycan Psixologiya Akademiyasına müraciət edən bir sıra azyaşlı pasiyentlərimiz var ki, onlar bu yaxınlarda Türkiyədə baş verən dəhşətli zəlzələnin görüntülərini görmüş və bundan psixoloji olaraq təsirlənmişdilər. Sadəcə fotoşəkil və videoları görmək belə azyaşlılara təsir göstərirsə, onda şəhid övladının vəziyyətini düşünək. Həmin uşaq ailəsinin bir üzvünü – sevdiyi insanı, atasını itirir. Azyaşlı olmasına baxmayaraq, atasının dəfn mərasimində birbaşa iştirak etmək onsuz da böyük bir travmadır. Şəhid övladı dəfndə iştirak edən zaman ağlaşma, qışqırıq, fəryad səsləri onda qorxulara səbəb olur. Psixoloji dəstək almazsa, bütün ömrü boyu ölümü dünyanın ən dəhşətli hadisəsi sayacaq”.

 

Ezgi Şahin bildirib ki, sosial şəbəkələrdə insanların emosional duyğularına təsir etmək və daha çox reaksiyaya səbəb olmaq üçün həmin uşaqların ağladıqları, kədərli hallarını müxtəlif video və fotoeffektlərlə paylaşmaq da həddindən artıq böyük bir yanlışlıqdır.

 

“Təsəvvür edin ki, valideyniniz rəhmətə gedib. Mənəvi baxımdan olduqca sarsıntılı bir an yaşayırsınız. Vaxt keçdikcə vəziyyətin öhdəsindən gəlir, həyatınıza davam etməyə çalışırsınız. Birdən sosial şəbəkələrdə sizin üçün hazırlanmış “dram yüklü” video və fotolarla qarşılaşırsınız. Sizə necə təsir göstərər? Yenidən əvvəlki travmalarınız, çətin dövrləriniz yada düşəcək. Nəzərə almaq lazımdır ki, xüsusən azyaşlılar üçün vəziyyət ikiqat artıq təsirə malikdir. 

 

Bəlkə də hardasa, istəkdən asılı olaraq uşaqlar valideyninin dəfn mərasimində iştirak edə bilər. Ancaq onun bu həssas dönəmindən suistifadə etmək qəti şəkildə yolverilməzdir. Bu cür şəkillərin, videogörüntülərin çəkilib yayılması uşağın travmasını böyütməkdən başqa heç bir şey deyil”.

 

Qeyd edək ki, Azərbaycan Mətbuat Şurası da bu məsələ ilə bağlı jurnalistlərə müraciət edərək. onları məsuliyyətli olmağa çağırıb. Şura bildirib ki, azyaşlının ağır emossional durumda çəkilmiş şəklinin yayılması həm də cəmiyyətdə ruh düşkünlüyünün, bədbinliyin formalaşmasını səbəb olur.

 

Mətbuat Şurası KİV nümayəndələrini belə həssas məsələlərə diqqətlə yanaşmağa çağırıb.

Mənbə

Share: