“Azərbaycan Respublikası Audiovizual Şurası Fransada AzTV-nin əməkdaşlarına olunmuş təzyiq və hədələri qətiyyətlə pisləyir”.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Audiovizual Şurasıblb Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin əməkdaşlarının 2023-cü il 28 iyun tarixində Fransada təzyiqə məruz qalmaları ilə bağlı yaydığı bəyanatda deyilir.
“Azərbaycan Respublikası Audiovizual Şurası Fransada peşə borclarını yetirən “AzTV” televiziya kanalının əməkdaşlarına olunmuş təzyiq və hədələri qətiyyətlə pisləyir, bu faktı söz və media azadlığına təhdid kimi qiymətləndirir.
Məlum olduğu kimi, 28 iyun 2023-cü il tarixdə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin müxbiri və operatoruna Fransada reportaj hazırlayarkən hücum olunmuş, onlara yüngül bədən xəsarətləri yetirilmiş, kameraları əllərindən alınmış və hədə-qorxuya məruz qalmışlar.
Audiovizual media sahəsi üzrə tənzimləyici qurum olan Azərbaycan Respublikası Audiovizual Şurası Fransanın müvafiq orqanlarını, habelə beynəlxalq media və jurnalist hüquqları üzrə təşkilatları baş vermiş insidentə hüquqi qiymət verməyə çağırır, gələcəkdə belə hadisələrin təkrarlanmaması üçün yerli hüquq-mühafizə orqanlarından bütün zəruri tədbirləri həyata keçirməyi tələb edir”, – bəyanatda qeyd edilir.