Avropa İttifaqı təlim missiyası başlayandan bəri Ukrayna Silahlı Qüvvələrinin mindən çox əsgərinə təlim keçib.
Modern.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel özünün tviter hesabında yazıb.
“Avropa İttifaqının Ukraynaya yardım missiyası tam potensialına çatıb. Hazırda 1100-dən çox ukraynalı əsgərə təlim keçirilir. Təlim üçün silahların əldə edilməsinə 16 milyon avro maliyyə vəsaiti ayrılacaq”, – deyə Jozep Borrel bildirib.
Qeyd edək ki, noyabr ayında Avropa ölkələrinin liderləri Ukrayna üçün hərbi təlim missiyasının başladığını elan edib. Missiya çərçivəsində 24 ay ərzində 15 min ukraynalı hərbçiyə təlim keçirilməsi planlaşdırılır. Brüssel bu məqsədlə 106,7 milyon avro ayıracaq. Hərbçilər Polşa, Almaniya və digər Avropa ölkələrinin ərazisində təlim keçəcəklər.