Avropa İttifaqı (Aİ) Ermənistan və Azərbaycan arasında sülh prosesinin bütün səviyyələrində fəal iştirak edir.
Modern.az xəbər verir ki, bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Amerikanın səsi”nə müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu fəallığın bariz sübutlarından biri də Brüsseldə Ermənistan və Azərbaycan liderləri arasında 4 görüş keçirmiş Aİ Şurasının sədri Şarl Mişelin fəaliyyəti və özünün səyləridir.
“Aİ-nin burada öz maraqları var. Bu, bizim qonşu regionumuzdur, ona görə də Cənubi Qafqazın dinc və firavan olmasında maraqlıyıq. Bu baxımdan Ermənistanla Azərbaycan arasında münaqişəni həll edə bilmək vacibdir”, – deyə o bildirib.
Klaarın sözlərinə görə, Aİ-nin fəaliyyət istiqamətlərindən biri də Ermənistan-Azərbaycan sərhədində müşahidə missiyasının yerləşdirilməsidir.
“Monitorinq missiyası dəstək potensialımızı artıracaq. Bundan əlavə, Aİ-nin bölgədə fiziki iştirakı bizim sülh və sabitliyə sadiqliyimizi, eləcə də Ermənistan və Azərbaycana hərtərəfli nizamlanmaya nail olmaq üçün öz missiyasına nə dərəcədə ciddi yanaşdığını nümayiş etdirir”, – o qeyd edib.
Toivo Klaar gözləyir ki, müşahidə missiyası Brüsseli yerlərdəki vəziyyət və mövcud çağırışlar barədə daha yaxşı məlumatlandıracaq, bunun vasitəsilə isə sülh prosesinə daha effektiv töhfə vermək mümkündür. O, missiyanın müddətinin iki ay olduğunu vurğulayıb.
Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatlar zamanı hərbi cinayətlər barədə məlumatlardan danışan avropalı diplomat qeyd edib ki, onun məlumatına görə, məsələ ilə bağlı hər iki tərəfdə araşdırmalar aparılır. Sübut olunarsa, Brüssel ölkələrin müvafiq orqanlarından müvafiq öhdəlikləri üzərinə götürdükləri üçün təqsirkarların cəzalandırılması üçün hüquqi prosessual addımlar atmalarını gözləyir.
Toivo Klaar əmindir ki, Qarabağ münaqişəsi Cənubi Qafqazın bütün ölkələrinə mənfi təsir göstərir.
“Bu münaqişəyə görə hər üç ölkə, o cümlədən Gürcüstan iqtisadi imkanlarını itirir, ona görə də Ermənistanla Azərbaycan arasında münaqişənin həlli, sərhədlərin açılması, kommunikasiyalar, ticarətin bərpası Cənubi Qafqazın hər üç respublikası üçün faydalıdır”.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron və Avropa İttifaqının prezidenti Şarl Mişelin 2022-ci il oktyabrın 6-da keçirilən görüşünün yekunlarına görə, tərəflər bəyanat yayıblar. Həmin bəyantda Ermənistanın Azərbaycanla sərhədində Aİ-nin müşahidə missiyasının yerləşdirilməsi qərara alınıb