Avropa İttifaqı Ukraynada müharibənin ildönümünü Rusiyaya qarşı 10-cu sanksiyalar paketi ilə qeyd edəcək

“Yeni paketə nüvə sektoruna, o cümlədən “Rosatom” dövlət korporasiyasına qarşı sanksiyalar da daxil ediləcək…”

 

“Ambisiyalı sanksiyalar paketi” 24 fevral 2023-cü ilədək hazır olmalıdır…”

 

Avropa İttifaqı Rusiyaya qarşı növbəti, 10-cu məhdudlaşdırıcı tədbirlər paketi hazırlayır.

 

Bu paketin Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ildönümünə razılaşdırılması planlaşdırılır.

 

Moderator.az xəbər verir ki, bu barədə Avropa məmurlarına istinadən “Röyter” agentliyi məlumat yayıb.

 

Rusiyaya qarşı ən sərt mövqelərdən çıxış edən, məsələn, Litva və Polşa kimi ölkələr yeni paketə nüvə sektoruna, o cümlədən “Rosatom” dövlət korporasiyasına qarşı sanksiyaları, Rusiya almazlarının ticarətinə məhdudiyyət qoyulmasını, Rusiyanın daha bir neçə təbliğatçı KİV-lərinin Avropada yayımı üçün lisenziyalarının ləğvini daxil etməyi tələb edir. 

 

Bundan başqa, yeni bankların SWIFT sistemindən ayrılması nəzərdə tutulur.

 

Nəşrin həmsöhbətlərinin birinin sözlərinə görə, ittifaq iştirakçılarının yeni məhdudiyyətlərin tətbiq edilməsində razılığa gəlməsi getdikcə daha da çətinləşir.

 

Buna baxmayaraq, Avropa İttifaqı tezliklə 24 fevral 2023-cü ilədək hazır olacaq sanksiyaların “ambisiyalı paket”ini müzakirəyə çıxaracaq.

 

Avropa İttifaqının bundan öncəki 9-cu paketi dekabrın 16-da qüvvəyə minib.

 

Onun tərkibinə Rusiyaya aviasiya üçün mühərriklər ixracı, “NTV/ “NTV-Mir”, “Rossiya-1”, “REN-TV” və Birinci kanalın yayımına lisenziyaların ləğvi daxildir.

 

Həmçinin fiziki şəxslər üçün sanksiyalar siyahısı genişləndirilib.

Mənbə

Share: