Avropa İttifaqının Ermənistandakı missiyasının əsas hədəfi nədir?

 

Avropa İttifaqının 40 nəfər mülki şəxsdən ibarət missiyası dörd gündür ki, Ermənistandadır. Məlumata görə, Azərbaycan-Ermənistan sərhədinin Ermənistan hissəsində yerləşdirilən missiyanın xidməti iki ay davam edəcək.

Məsələni Oxu.Az-a şərh edən politoloq Elçin Mirzəbəyli qeyd edib ki, heyət üzvlərinin bir hissəsi Gürcüstandakı missiyadan gətirilib:

“Avropa İttifaqı mahiyyət etibarilə prosesin daha tez həyata keçirilməsi üçün Gürcüstandakı missiyasının bir sıra nümayəndələri bu prosesə qatıb. Hazırda konkret heyət haqqında məlumat verilməyib, ancaq heyətin mülki şəxslərdən ibarət olduğu açıqlanıb. Missiya seçilərkən Avropa İttifaqının bütün üzv dövlətlərinin rəyinin alındığını və qərarın buna əsasən qəbul olunduğunu nəzərə alsaq, deyə bilərik ki, missiyanın tərkibində faktiki olaraq Avropa İttifaqına üzv olan bütün dövlətlərin nümayəndələri iştirak edirlər. Bəlkə də bir neçə dövlətin nümayəndəsi iştirak etmir, amma bu, konkret şəkildə ifadə olunmayıb”.

Siyasi şərhçi diqqətə çatdırıb ki, missiyanın təyinatının nədən ibarət olacağı barədə də məlumat verilib:

“Konkret olaraq atəşkəsə əməl olunmasıyla bağlı Avropa İttifaqı missiyası Ermənistan-Azərbaycan sərhəd ərazilərində müşahidə aparacaq. Bu isə imkan yaradacaq ki, hər iki ölkənin sərhəd komissiyası ilə Avropa İttifaqının əlaqələri yaransın və komissiyanın işi dəstəklənsin. Digər məqam müşahidə missiyasının səlahiyyət zonasıyla bağlıdır. Avropa İttifaqının bəyanatında qeyd olunur ki, onlar sərhədin Ermənistan hissəsində olacaqlar. Bəyanatda “beynəlxalq səviyyədə tanınmış sərhədlər” ifadəsi bir neçə dəfə istifadə edilib. Ancaq bununla indiki halda nəyə işarə edildiyi bəlli deyil. Amma beynəlxalq səviyyədə tanınmış sərhədlərdən söhbət gedirsə, burada yalnız ölkələrin BMT-yə qəbul olunduğu zamanda mövcud olan sərhədlərin nəzərdə tutulduğu ehtimal oluna bilər. Çünki delimitasiya prosesi hələ yekunlaşmayıb”.

Elçin Mirzəbəyli  müşahidə missiyasının tərkibinin yalnız mülki şəxslərdən ibarət olması məsələsinə də aydınlıq gətirib:

“Missiyanın tərkibində hərbi ekspertlərin olacağına dair bir istək yoxdur. Missiya yalnız 40 mülki vətəndaşdan ibarətdir və bu şəxslər iki ay ərazidə müşahidə aparacaqlar. Avropa İttifaqının monitorinq potensialından Azərbaycan ərazisində istifadə olunmayacaq. Məqsəd iki ölkə arasındakı atəşkəs rejiminə əməl olunmasına yardım göstərməkdən və qarşılıqlı etimad mühitinin yaradılmasından ibarətdir. Bununla bağlı bir sıra digər məqamlar da yer alıb. ATƏT-in missiyası ilə bağlı məqamlar vurğulanıb. Bildirilir ki, yeganə missiya yalnız Avropa İttifaqının missiyasıdır. Onların 13 sentyabrda baş verən və həmin kontekstdə olan digər hadisələrə münasibət bildirmək kimi niyyəti yoxdur. Monitorinq qrupunun missiyasına hər hansı siyasi qiymətləndirmənin aparılması daxil deyil. Ümumilikdə, indiki şəraitdə verilən açıqlamalara əsasən deyə bilərəm ki, gərginlik yarada biləcək hər hansısa kontekst yoxdur”.

 

Share: