Avstraliya və Yeni Zelandiyada çimərliklər açılır, məhdudiyyətlər yumşaldılır

Avstraliya və Yeni Zelandiyada COVID-19 infeksiyası səbəbindən tətbiq edilən bəzi məhdudlaşdırıcı tədbirlər ləğv olunmağa başlanılıb.

Interfax agentliyi xəbər verir ki, Sidney şəhərində koronavirusun yayılması ilə mübarizə çərçivəsində bir ay bağlı saxlanılan çimərliklər yerli sakinlərin üzünə açılıb. Yeni Cənubi Uels ştatında isə mayın 1-dən etibarən uşaqlar evdə qalmaq şərtilə, iki nəfərdən çox olmayaraq qonaq getməyə icazə veriləcək.

Yeni Zelandiyada da martın 26-dan tətbiq olunan izolyasiya rejimi yüngülləşdirilir. Kraystçerç şəhərinin sakinləri plyajlara axışıb. Lakin ölkədə mağazaların əksəriyyəti əvvəlki kimi bağlıdır və bu tədbirlər hələ azı iki həftə davam edəcək.

Pandemiyanın statistikasını aparan Worldometers saytının Bakı vaxtı ilə bu gün saat 13:30-a olan məlumatına əsasən, Avstraliyada 6 min 700-dən çox, Yeni Zelandiyada isə 1500-ə yaxın yoluxma faktı qeydə alınıb./Azərtac

Share: