Avstriyada gündəlik həyatda dopinqlərdən istifadə halları artır

Dopinq maddələrindən istifadə artıq uzun zamandan bəridir ki, təkcə idman sahəsi ilə məhdudlaşmır, tədricən insanlar bu maddələri öz gündəlik həyatlarına daxil edirlər. Bu maddələrdən əsasən peşə fəaliyyətində fəallığın yüksəldilməsi və diqqətin artırılması üçün istifadə olunur.

Milletinsesi.az AZƏRTAC-a istinadən bildirir ki, Anton Prokş İnstitutunun apardığı tədqiqatlara görə, Avstriyada əhalinin təxminən 20-30 faizi müxtəlif tərkibli və dozalı dopinqlər qəbul edirlər. İnstitutun rəhbəri Mixael Musalek mətbuata verdiyi açıqlamada dopinqə daha çox qadınların müraciət etdiyini qeyd edib. Çünki zərif cinsin nümayəndələri gündəlik həyatda iş, qayğı və problemlərlə daha çox qarşılaşırlar. Mütəxəssis qeyd edib ki, gündəlik olaraq dopinqlərdən istifadə edən insanlar hələ bu maddələrdən asılı hesab oluna bilməzlər. Bununla belə, cəmiyyətdə dopinqlərin yaratdığı asılılıq barədə geniş maarifləndirmə işi aparılmalıdır.

M.Musalek gündəlik həyatda ən çox rast gəlinən dopinqlər içərisində ilk olaraq amfetaminlər (psixosimulyatorlar) və daunerləri qeyd edib. Amfetaminlər diqqətin artırılması və zehni fəaliyyətin yüksəlməsinə yardım edən maddələr olduğu halda, daunerlər daha çox sakitləşdirici, gərginliyi aradan qaldıran və rahatladıcı təsir göstərir. Sonuncu qrupa ağrıkəsici və sakitləşdirici dərmanlar, bəzi mütəxəssislər tərəfindən isə hətta alkoqollu içkilər də daxil edilir.

Həmçinin bildirilir ki, hazırda Avstriyada 150 min insan müxtəlif növ dopinqlərdən gündəlik istifadə edirlər. Qadağan olunmuş narkotik və psixotrop maddələrlə müqayisədə aşağı dozalı dopinq preparatlarını qanuni şəkildə, hətta çox hallarda resept olmadan da əldə etmək mümkündür. Lakin bu maddələrin nəzarətsiz şəkildə mütəmadi şəkildə qəbulu cəmiyyətdə böyük bəlaya çevrilə bilər.

İnstitut növbəti ilin sonunadək Avstriya üzrə dopinq istifadəsinə dair geniş tədqiqatı ictimaiyyətə təqdim edəcək, həmçinin cəmiyyətdə maarifləndirmə layihələri hazırlayacaq.

Share: