Aynur Camalqızı yazır- Bu həm xəyanət, həm də cinayətdir!

Mayın 8-i sakit-səssiz ağrılarımla sosial şəbəkələri izlədim. Çoxluq özünü qınayır, toplumu qınayır, dövləti qınayır…

Anlaşılandır. Hamısı anlaşılandır.

Amma bir qorxulu kampaniyalaşma da sezdim ki, bu, dəhşətdir. Ona görə ki, Şuşa mistikasını darmadağın etmək, “Şuşa olmayacaq, Şuşa qayıtmayacaq, sən yalnız turist kimi gedib görə biləcəksən o torpaqları, artıq bu durumla barış” kimi təhlükəli informasiyaları altşüura oturtmaq cəhdləri var!

“Ərəblər Qüdsü itirdilər, biz də Şuşanın işğalıyla barışmalıyıq” deyə, cəmiyyətə ismarış verməklə 2 yaşlı Zəhranı güllələmək arasında heç bir fərq yoxdur. O da düşmənçilikdir, bu da: o balamızı güllə ilə öldürür, sən sözlə! O balamızı cismən əlimizdən alır, sən mənən.

Və ikinci daha dəhşətlidir!

Müharibədə hər şey olur – udarsan da, uduzarsan da. Müharibəni uduzmaq qorxulu deyil. Ordunu toplayarsan, güclənərsən, təkrar savaşıb qazanarsan. Yüzillərlə başqa xalqın işğalı altında inləyən xalqlar var ki, bu gün dünyaya meydan oxuyurlar.

Qorxulu odur ki, sən ruhən uduzursan, şüurda məğlub olursan, müqavimət göstərmirsən, “taleyinlə” barışırsan və miskincəsinə altşüura məğlubiyyətlə barışmaq mesajı verirsən, insanların inamını, ümidini işğal edirsən, itirdikləriylə barışıb, yaşamağa çağırış edirsən.

Bu həm də xəyanətdir, cinayətdir!

İnanclarımız, dəyərlərimiz bizə nəyi öyrədib? On milyonluq toplum bir yerdə ürəkdən, sidq-ürəkdən arzulayarsa, istəyərsə, o Arzu, o İstək reallaşar! Bunun alternativi yoxdur. Bunun əksini nəinki dilə gətirmək, düşünmək belə olmaz.

Bəli, Şuşa işğal altındadır. Bəli, düz 27 ildir işğaldadır. Amma biz o torpaqları qaytaracağıq. Mütləq qaytaracağıq! Arzulayaraq, Tanrıdan istəyərək, savaşaraq, döyüşərək, ən başlıcası, İnanaraq qaytaracağıq. Bəlkə də bu gün yox. Bəlkə də O Günü görməyə ömrümüz yetməyəcək. Amma O Gün mütləq olacaq! Biz almasaq, uşaqlarımız alacaq. Müharibəyləmi, sülhləmi, döyüşərəkmi, danışaraqmı… Amma alacağıq! Bu, mütləq baş verəcək. Buna öncə özümüz əmin olacağıq, sonra övladlarımızı inandıracağıq.

Dünyaya meydan oxuyan, iki aya Moskvanın 27 kilometrliyinə qədər gələn Faşist Almaniyası yalnız İNAMın gücü ilə məğlub oldu.

Türkiyə Çanaqqala zəfərini tankla-topla deyil, İnamla qazandı!

Tarixdə onlarla belə örnək var…

İlahi Ədalət var. İlahi Ədalətə sarsılmaz inam hissi qəlbinizi nə vaxt, necə, niyə tərk etdi? Sonuncu dəfə Şuşa üçün nə zaman dua etdiniz? Şuşa mistikasını niyə öldürürsünüz, niyə düşmən dəyirmanına su tökürsünüz?

“Orda bir kənd var uzaqda…”

Biz bu ümidlə yaşadıq, yaşayırıq! Təbrizi, Göyçəni, Zəngəzuru, Dəmirqapı Dərbəndi unutduqmu ki, Şuşanı da yaddan çıxaraq?

ABŞ-ın Yaponiyanın məşhur 2 şəhərinə atom bombası atmasını xatırlayın. Bunun davamı da olacaqdı. Növbəti bombanın Amerikadan yola salınması xəbərini alan yaponlar eyni vaxtda uşaqlı-böyüklü Allaha dua edir. Atom bombasını gətirən gəmi okean sularında qərq olur. Yapon xalqı daha bir dəhşətli faciədən xilas olur.

Əfsanədirmi? Rəvayətdirmi? Yoxsa həqiqətdir?

Bəşəriyyətin dini-mistik təfəkkürü bunu hər kəsin dərk etmədiyi bir Həqiqət saymırmı?

Bir xalqın inamı, dualarının gücü atom bombasına da qalib gəlmək iqtidarındadır…

***

Ermənilərin özünün belə inanmadığı bir “qələbə”yə özünü və başqalarını inandırmaq səylərinin izahını tapmağa çalışıram.

Əmin olun, ermənilər özləri inanmırlar. Özləri anlayır ki, Rusiyanın diktəsiylə bu torpaqdadırlar, müvəqqətidirlər. Məskunlaşa bilmirlər. Rahatlaşa bilmirlər. Oturuşa bilmirlər.

Bir neçə il öncə Polad Bülbüloğlunun verdiyi müsahibəni xatırlayırsızmı? Danışmışdı ki, işğaldan sonra Şuşaya gedib. Atasının evinə baş çəkib. Böyük Bülbülün evində bir yaşlı erməni qadın yaşayır. Polad Bülbüloğludan ehtiyatla soruşub ki, siz etiraz etmirsiz ki, mən hələlik burda qalıram. Hələlik… Yəni Qarabağ qaytarılanadək, şuşalılar Şuşaya qayıdanadək…

Polad müəllim erməni qadına deyib ki, hə, əlbəttə, hələlik qalın…

Bu mükalimənin mənimçün ən qiymətli, ən əziz, ən içdən-qəlbdən olan hikməti, anlamı, fəlsəfəsi, ismarışı… odur ki, Şuşanın Azərbaycanın olduğunu ermənilər də altşüurlarında bilirlər və əmindirlər ki, bir gün bu torpaqları geri verəcəklər.

İnanmırsınızmı?

Görmürsünüzmü Qarabağda evləri söküb, daşını daşıyırlar, kəndləri xarabazara çevirirlər…

Görmürsünüzmü sürətlə burdan köçürlər, daşınırlar?

Onlar bizim İnamımızın qorxusu altında artıq yaşaya bilmirlər, yaşaya da bilməzlər!

Xüsusilə Aprel savaşından sonra Azərbaycan xalqının Qələbə İnamı Qarabağdakı ermənilərin başı üzərində Domokl qılıncıdır, qəlblərində daşdır, beyinlərində qara yaradır!

Siz hətta Dördgünlük savaşın İnamından sonra bu sözləri necə dilinizə gətirib, ermənidən artıq erməni ola bilərsiniz? Siz düşməni İnamı ilə darmadağın edən beyinlərdəki, qəlblərdəki Mübarizə necə güllə ata bilərsiniz?

Siz məsuliyyətsizsə, düşüncəsizcə, allahsızca ağzınıza gələni tirajlayıb, bu milləti taqətdən sala bilməzsiniz!

Azərbaycanın real sərhədləri bəlkə də kimlər üçünsə kiçikdir, bəlkə də kimlər üçünsə balaca, xırda ölkədir, amma bu ölkənin mənəvi sərhədləri çox böyükdür. Yetər ki, o böyüklüyü, o nəhəngliyi görə biləsən, hiss edə biləsən…

Qarabağı, Şuşanı, bax, o nəhəngliyi, o böyüklüyü köksünə sığdıra bilənlər azad edəcək…

Və turist kimi yox, öz ölkəmiz, öz ərazimiz, öz torpağımız kimi qədəm basacağıq Şuşaya!

Share: