Azərbaycan dilində köhnəlmiş sözlərin lüğəti hazırlanır

Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutu tərəfindən “Azərbaycan dilinin arxaik sözlər lüğəti” hazırlanır.

Bu barədə Trend-ə institutun direktoru, akademik Möhsün Nağısoylu məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin 9 aprel 2013-cü il tarixli 2837 №-li sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair dövlət proqramı”nın 6.3.5. bəndinə (Azərbaycan dilinin müxtəlif dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun olaraq öyrənilməsinin təmin edilməsi) uyğun olaraq ikinci böyük layihənin həyata keçirilməsi başa çatmaq üzrədir.

M.Nağısoylu qeyd edib ki, “Azərbaycan dilinin Qarabağ dialektoloji atlası”nın hazırlanması ilə bağlı kompleks işlər görülüb, davamlı və uzunmüddətli ekspedisiyalar təşkil olunub, Qarabağ Regional Mərkəzinin lal xəritəsi, “Azərbaycan dilinin Qarabağ dialektoloji atlasının proqramı”, “Azərbaycan dilinin Qarabağ dialektoloji lüğəti” hazırlanıb:

“Bərdə, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl, Ağcabədi, Laçın, Beyləqan, Xocavənd, Kəlbəcər, Xocalı, Qubadlı, Zəngilan, Şuşa, Xankəndi rayonlarından toplanmış materiallar tədqiqat işində önəmli yer tutub. Həmin rayonlardan yalnız dialektoloji material deyil, həm də Qarabağın tarixi abidələri, etnoqrafiyası, kulinariyası, təbiətini əks etdirən materiallar da toplanılıb. Yaxın günlərdə “Azərbaycan dilinin Qarabağ Dialektoloji Atlası”nın tərtibi ilə bağlı son işlər görülərək nəşriyyata təqdim olunacaq”.

M.Nağısoylu bu il ərzində “Azərbaycan dilinin böyük izahlı lüğəti”nin hazırlanacağını da söyləyib.

Share: