
Azərbaycan Demokrat Partiyası Azərbaycanın İrandakı səfirliyinə qarşı edilən terror aktı ilə bağlı bəyanat yayıb.
Moderator.Az bəyanatı təqdim edir: Bu hadisə İran-Ermənistan müttəfiqliyinin Azərbaycana qarşı qanlı terror aktıdır…
ADP bu gün səhər saatlarında Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə odlu silahla edilən basqın zamanı Azərbaycan səfirliyinin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovun qətlə yetirilməsindən, bir neçə səfirlik əməkdaşının isə yaralanmasından dərin narahatçılıq keçirərək, baş vermiş hadisəni şiddətlə qınayır, bu qanlı cinayəti terror aktı kimi dəyərləndirir, baş verənləri İran və Azərbaycan xalqları arasında ədavətin qızışdırılması cəhdi və İran-Ermənistan əməkdaşlığının növbəti təzahürü kimi qətiyyətlə pisləyir.
ADP bu qanlı terror hücumu zamanı şəhid olan Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərova Allahdan rəhmət diləyir, onun yaxınlarına və əzizlərinə başsağlığlı verir, yaralananlara isə Allahdan tezliklə şəfa diləyir.
ADP belə hesab edir ki, son zamanlar İran parlament üzvlərinin və dövlət rəsmilərinin Azərbaycan dövləti və xalqı əleyhinə zorakılığa çağırışlar etməsi, İran dövlətinin Azərbaycanla sərhəd boyu genişmiqyaslı hərbi təlimlər keçirməsi, İran telekanallarında “Qüdsi azad etmək üçün Bakını vurmağın lazım olduğu” ilə bağlı çağırışlar edilməsi məntiqi olaraq Azərbaycana qarşı düşmənçilik meyillərinin ortaya çıxmasına səbəb olub.
ADP bəyan edir ki, baş vermiş qanlı cinayət Ermənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşının İrana səfərindən sonraya təsadüf etməsi onu göstərir ki, bu hadisə İranda Azərbaycana qarşı əks təbliğat aparanların və İran-Ermənistan müttəfiqliyinin Azərbaycana qarşı törətdiyi qanlı terror aktıdır.
ADP erməni-fars şovinizminin Azərbaycana qarşı yönələn siyasətinin yanlış olduğunu qeyd edərək, baş vermiş hadisədə birbaşa İran dövlətinin hüquqi və siyasi məsuliyyət daşıdığını bəyan edərək, İran rəhbərliyini İran-Azərbaycan arasında olan münasibətləri gərginləşməsinə rəvac verən hərəkətlərdən çəkinməyə, bu terror aktının təşkilatçılarını və icraçılarını cəzalandırmağa və baş vermiş qanlı cinayətə görə Azərbaycandan üzr istəməyə çağırıb.
ADP Azərbaycan dövlətini Tehranda Azərbaycan səfirliyinə qarşı törədilən terror hadisəsini Türk Dövlətləri Birliyində və İslam Əməkdaşlıq Təşkilatında müzakirəsi və bu qanlı hadisəyə siyasi və hüquqi qiymət verilməsi ilə bağlı təcili addımlar atmağa çağırıb.
ADP Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının tələblərinə zidd olaraq Tehrandakı səfirliyimizin təhlükəsizliyini təmin etməyən İran hökuməti barəsində beynəlxalq təşkilatların ciddi ölçü götürməsinin vacibliyini bildirib və dünya dövlətlərini baş vermiş hadisəyə görə İran dövlətini qınamağa və Tehrandakı səfirliyimizə qarşı törədilən terror aktı ilə bağlı mövqe bildirməyə çağırıb.