Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində xeyli miqdarda fişəng, pirotexniki və tezalışan vasitələrin realizə edilməsinin qarşısı alınıb.
Millətin Səsi.az bu Komitəyə istinadən xəbər verir.
Məlumata görə, Baş İdarənin Əməliyyat şöbəsinə ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən, mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən yaylım fişəngləri, pirotexniki və tezalışan vasitələrin Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən yaşayış sahəsində saxlanılması və satışının təşkil olunması barədə əməliyyat məlumatı daxil olub.
Məlumat əsasında gömrükçülər tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin ünvanda müxtəlif adda – 291 ədəd fişəng, 250 ədəd fitil, 440 ədəd fişənglərin hazırlanması üçün nəzərdə tutulan böyük və kiçik ölçülü karton boru, 245 ədəd yapışqan üzlük aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.