Azərbaycan ilə Gürcüstan arasında hüquqi əlaqələrə xüsusi önəm verilir və bu sahədə iki ölkənin ədliyyə qurumları səmərəli əməkdaşlıq edirlər. Cari ilin martında Gürcüstanın ədliyyə naziri Rati Breqadzenin Azərbaycana səfəri, nazirliklər arasında Əməkdaşlıq Memorandumunun imzalanması qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinə böyük təkan verib. Memorandumun implementasiyası çərçivəsində nümayəndə heyətlərinin mübadiləsi aparılır, birgə tədbirlər təşkil olunur, qarşılıqlı müsbət təcrübələr öyrənilir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Gürcüstanda səfərdə olan Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun gürcüstanlı həmkarı Rati Breqadze ilə görüşündə səslənib.
Görüşdə ölkələrimiz arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi, bu əlaqələrin möhkəmləndirilməsində dövlət və hökumət başçılarımızın xüsusi rolu vurğulanıb.
Belə səfərlərin və görüşlərin diplomatik münasibətlərimizin qurulmasının 30-cu ildönümünə təsadüf etməsindən məmnunluq ifadə olunub.
Söhbət zamanı Ədliyyə nazirlikləri arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunaraq, ədliyyə və məhkəmə sistemində islahatlara və tətbiq olunan rəqəmsal yeniliklərə maraq göstərilib.
Qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının hər iki tərəf üçün faydalı olduğu vurğulanıb və səfər çərçivəsində keçiriləcək Azərbaycan-Gürcüstan Hüquq Forumunun əhəmiyyəti qeyd edilib.
Gürcüstanın ədliyyə naziri R.Breqadze bu ilin martında Azərbaycana səfərini məmnunluqla xatırlayıb və ölkəmizin bütün sahələrdə, o cümlədən iqtisadi, hüquqi, ədliyyə xidmətlərinin göstərilməsi sahəsində böyük tərəqqiyə nail olduğunu vurğulayıb.
Söhbət zamanı 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərimizdə sürətlə aparılan genişmiqyaslı quruculuq işlərinə toxunularaq, torpaqlarımızın işğal dövründə, hətta müharibədən sonra Ermənistan tərəfindən büsbütün minalanmasının bərpa işlərinə ciddi mane olduğu, habelə çoxsaylı insanların həlak olmasına və xəsarət almasına səbəb olduğu xüsusilə diqqətə çatdırılıb.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev görüşdə iştirak edib.