Azərbaycan inkişafın yeni mərhələsindədir

Azərbaycan Konstitusiyası demokratik və hüquqi dövlətin bütün prinsiplərini təmin edir. 

 

Hər kəsə məlumdur ki, Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu, müasir dövlətçiliyimizin banisidir. Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də yenicə müstəqillik qazanmış dövlətimizin Konstitusiyasının hazırlanması və qəbul edilməsi olmuşdur. 


Konstitusiyanın qəbul edilməsi müasir dövlətçiliyimizin möhkəmləndirilməsi, Azərbaycanın dünya birliyində demokratik ölkə kimi tanınması və nüfuzunun daha da artması baxımından çox böyük əhəmiyyət kəsb edirdi. Təsadüfi deyil ki, Konstitusiyanın qəbul edilməsi Azərbaycan dövlətçiliyinin inkişafının yeni mərhələsinin başlanğıcı kimi dəyərləndirilir. 


Ulu Öndər Heydər Əliyev Azərbaycanın yeni Konstitusiyasının hazırlanması və qəbul edilməsi məqsədilə xüsusi komissiya yaratmış, 5 iyun 1995-ci ildən – Konstitusiya Komissiyasının ilk iclasından başlayaraq, 12 noyabr referendumunadək Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanmasına və onun bütün prinsipial müddəalarının geniş ictimaiyyət tərəfindən müzakirəsinə şəxsən rəhbərlik edib.

 Heydər Əliyev Azərbaycan Konstitusiyasının dövrün tarixi, ictimai, siyasi reallıqlarına və Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə uyğun tərtib edilməsinə çalışırdı və buna uğurla nail oldu. 

Ümummilli Lider Heydər Əliyev yeni konstitusiya layihəsinin hazırlanması haqqında deyirdi: 


“Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.


1995-ci ildə yeni Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verildi. Nəhayət, 12 noyabr 1995-ci il tarixində ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. Bununla da, Azərbaycanın hüquqi-demokratik dövlətçiliyinin təməli qoyuldu.


Bu Konstitusiya 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarət olmaqla, özündə ümumbəşəri dəyərləri əks etdirir. 


Azərbaycan Konstitusiyası dünyada nadir konstitusiyalardandır ki, demokratik və hüquqi dövlətin bütün prinsiplərini təmin edir. Belə ki, bu sənəddə qanunun aliliyi, hakimiyyət bölgüsü, insan hüquqlarının müdafiəsi, konstitusiya nəzarəti prinsipləri təsbit olunur. 


Azərbaycan Respublikasının Konstitusiyasının prinsiplərində insan və vətəndaşın hüquq və azadlıqlarının tanınması, riayət olunması və müdafiəsi dövlətin vəzifəsi hesab edilir. Konstitusiyamızın digər bir prinsipinə nəzər salaq: “Suverenliyin daşıyıcısı və hakimiyyətin yeganə mənbəyi Azərbaycan xalqıdır”. Bundan başqa, Konstitusiyada öz müqəddəratını sərbəst və müstəqil şəkildə müəyyənləşdirmək Azərbaycan xalqının suveren hüququ kimi qeyd edilir. Bu baxımdan, Azərbaycanın Konstitusiyası kifayət qədər mütərəqqi ideya və müddəaları özündə cəmləşdirib.


Konstitusiyamızda öz əksiini tapmış bu prinsiplər Heydər Əliyev siyasi xəttinin əsas müddəaları olub. Belə ki, Ümummilli Liderimiz çıxışlarından birində deyib: “Dövlət xalqın işi olmalıdır. Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır və bu prinsiplər Konstitusiyamızın əsasını təşkil etməlidir”.


Ümumiyyətlə, bu Konstitusiyada insan haqlarının, hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi hesab olunub, Konstitusiyanın üçdə bir hissəsi sırf bu məsələyə həsr edilib. Hətta dünyanın bir sıra qabaqcıl və inkişaf etmiş ölkələrinin konstitusiyalarında insan hüquqları belə hərtərəfli, dəqiq və geniş şəkildə öz əksini tapmayıb. Bu, Azərbaycan dövlətinin, bilavasitə Ulu Öndər Heydər Əliyevin vətəndaşların hüquq və azadlıqlarına nə dərəcədə önəm verməsinin göstəricisidir.


Azərbaycan Konstitusiyasının ən üstün cəhətlərindən və böyük nailiyyətlərindən biri də budur ki, konstitusiyamız müasir dövlət quruculuğu üçün tələb edilən, demək olar ki, bütün prinsipial məqamları özündə ehtiva edir. Bu isə öz növbəsində, müxtəlif səviyyədə bir çox zəruri islahatların məhz Konstitusiya müddəaları əsasında həyata keçirilməsinə imkan verir. 


Ümummilli Lider Heydər Əliyevin 6 fevral 1996-cı il tarixli sərəncamı ilə hər il 12 noyabr ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilir.


Bu gün Heydər Əliyevin layiqli davamçısı olan cənab prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət və hüquqi islahatlar xalqımızın rifahına, iqtisadi, siyasi, sosial sferaların dəqiq tənzimlənməsinə, insan hüquq və azadlıqlarının inkişafına xidmət edir.

 

Ülviyyə Ağayeva 

Milli Məclisin deputatı

Milli Məclisin deputatı

Mənbə

Share: