AVRO-2024-ün seçmə mərhələsinə uğursuz start götürən Azərbaycan millisi Linzdə Avstriya (1:4), Stokholmda isə İsveç yığmasına (0:5) böyük hesabla məğlub olub.
Yığmanın ifasında sərgilənən oyun və baş məşqçi Canni De Byazinin səsləndirdiyi fikirlər futbol ictimaiyyətində heç də birmənalı qarşılanmayıb.
“Report”un suallarını cavablandıran millinin köməkçi məşqçisi Arif Əsədov geridə qalan matçları dəyərləndirərək, məğlubiyyətlərin səbəblərini izah edib.
Həmin müsahibəni təqdim edirik:
– Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsinin ilk iki oyununda Avstriyaya 1:4, İsveçə isə 0:5 hesabı ilə məğlub olub. Bu görüşlərdəki çıxışı necə dəyərləndirirsiniz?
– Hər iki oyunda nəticə ürəkaçan olmadı. Xüsusən də, buraxılan qol sayı baxımından. Hamı kimi, bizim üçün də üzücüdür. Məncə, hər iki görüşdə hesab oyuna görə olmadı. Nəzərə alaq ki, komandamız həm Avstriya, həm də İsveçə qarşı 60-65 dəqiqə heç də pis oyun sərgiləmədi. Ancaq sonradan buraxılan qollar qısa müddətdə eniş yaşanmasına gətirib çıxardı. Bu üzdən matçların sonlarında meydanda tamam başqa komanda kimi görünürdük. Halbuki, ilk dəqiqələrdə rəqiblərdən geri qalmırdıq, bərabər səviyyədə mübarizə aparırdıq. Xüsusən də İsveçlə qarşılaşmanın birinci hissəsində qol şansımız oldu. Rəqib isə bizim səhvlərimizdən maksimum dərəcədə yararlandı. Həm Avstriya, həm də İsveçin top-komanda səviyyəsində olduğunu hamımız bilirdik. Yəni səviyyə fərqi hiss olunurdu. Futbolçuları İngiltərə Premyer Liqası, Almaniya Bundesliqası kimi çempionatlarda çıxış edirlər. Məsələn, Millətlər Liqasındakı görüşlərdə buraxılan səhvləri rəqiblər bağışlayırdılar. Amma burada daha usta komandalarla qarşılaşdığımız üçün onlar səhvi bağışlamadılar.
– Hər iki oyunda kifayət qədər fərdi səhvlər oldu. Bu problem nədən qaynaqlanırdı?
– Düz qeyd elədiniz. Taktiki baxımdan onlara uduzmadıq. Taktiki sxem o vaxt pozulur ki, 2-3 top fərqi ilə geridəsən və əvəzetmələrlə hücumu gücləndirir, rotasiyalara gedirsən. Belə olanda taktiki cəhətdən boşluqlar verməyin normaldır. Amma fərdi səhvlər aradakı səviyyə fərqindən qaynaqlandı. Matçlardan sonra futbolçulara təşəkkürümüzü bildirdik, çünki əllərindən gələni etdilər. Futbolu səhvsiz keçirmək də mümkün deyil. Bilirsiniz, bizim çempionatdakı tempdə oynayan oyunçular belə rəqiblərlə qarşılaşdıqları zaman tam fərqli sürət görürlər. Nəticədə fiziki durum aşağı düşür, 65-70-ci dəqiqədən sonra güc tükənir. Güc tükənəndə isə beyində siqnallar işləmir. Yekunda konsentrasiyanı itirirsən, epizodlara gecikirsən, səhvlərə yol verirsən. Fərdi səhvlərin səbəbi odur ki, fiziki durum bəlli nöqtəyə kimi çatdırır, ondan sonra eniş yaşanır.
– Futbolçuların fiziki cəhətdən çatdırmamalarının günahı kimdədir: Oyunçunu istənilən səviyyəyə çatdırmayan klublarda, yoxsa hazır olmayan futbolçuya dəvət göndərən baş məşqçidə?
– Günahkar axtarmaq doğru olmaz. Reallıq onu deyir ki, bizim çempionatda sürət onların liqalarından fərqlidir. Yüksək tempə, oyun rejiminə rəqiblər daha uyğundurlar. Üç gün ərzində iki oyun keçirdik. Avstriya və İsveç kimi komandaların oyunçuları belə qrafikə öyrəşiblər.
Klublarımızda bu baxımdan iş gedir, amma bəlli səviyyəyə çatdırmaq mümkündür. Fiziki hazırlıq çempionatımızın səviyyəsinə uyğun olur. Bunun artması üçün daim yüksək səviyyəli oyunlarda iştirak etməli və sıx təqvimdə oynamalısan. Orqanizm də buna alışmalıdır. Futbolçu da avtomobil kimidir. Sürəti gərək saatda 180 km-ə qaldırasan ki, maşın ona alışsın. Daim 100-110-la sürəndə avtomobil də buna öyrəşəcək. Bir sözlə, çempionat, səviyyə fərqi sonda öz sözünü deyir. Ustalığımız aşağı səviyyədədirsə, heç olmasa fiziki hazırlığımız elə olmalıdır ki, belə komandalarla mübarizə apara bilək. İstək isə 100 yox, 150 faiz olmalıdır. Əslində, futbolçularımız istəkli idilər. Bunu matçdan əvvəl hiss edirdik. Oyundan sonra isə hamı məyus idi.
– Milliyə cəmi 4 legioner çağırılmışdı, onlardan da biri zədə səbəbindən sonradan heyətdən çıxarıldı. Razısınız ki, ölkə xaricində az oyunçumuzun olması da millinin inkişafına mənfi təsir edir?
– Futbolçularımız nə qədər kənarda oynasalar, oradakı sürətə, tempə öyrəşərlər. Milli 4-5 gün bir arada olandan sonra artıq oyuna çıxmalı olur. Yığmada fiziki durumu qaldırmaq mümkün deyil. Yalnız taktiki və psixoloji hazırlıq keçə bilirsən.
– İsveçlə oyundan sonra hamı baş məşqçi və futbolçulardan üzrxahlıq gözləyirdi. Ancaq Canni De Byazi, əksinə, əla futbol oynadıqlarını bildirdi. İtaliyalı mütəxəssis bunu deyəndə nəyi nəzərdə tuturdu?
– Bunu özümüz də müzakirə elədik. Baş məşqçi oyunun hansısa məqamına kimi komandanın əla oynadığını bildirdi. Düşünmürəm ki, bütün matçı nəzərdə tutub. Hansısa dəqiqəyə kimi komanda verilən tapşırıqları yerinə yetirirdi. Qollar buraxılandan sonra komandada eniş yaşandı. De Byazi də eniş anına qədər olan müddəti yüksək qiymətləndirir. O ki qaldı üzrxahlığa, hamımız bu nəticələrə görə çox məyusuq. Belə hesabla məğlub olduğumuz üçün xalqımızdan üzr istəyirik. Matçlardan əvvəl favorit sayılmırdıq və heç kim deyə bilməzdi ki, Avstriya və İsveçdən mütləq qalibiyyətlə qayıtmalıyıq. Hamı reallığı başa düşürdü. Bizi üzən hesabın oyuna görə olmaması idi.
– Futbol ictimaiyyəti və azarkeşlər Canni De Byazi ilə yolları ayırmağın doğru addım olacağını düşünür. Sizcə, italiyalı getsə, müsbətə doğru nə kimi dəyişikliklər olar?
– Hər məğlubiyyətə görə baş məşqçi dəyişmək də doğru olmaz. Ona qalsa, İsveç bizimlə görüşdən əvvəl öz meydanında Belçikaya 0:3 hesabı ilə uduzdu. Hansı ki, onlar bərabər səviyyəli komandalardır. Məsələn, biz də Lixtenşteyn, Andorra kimi komandalara uduzsaq, bu tələblə çıxış etmək olar. İsveç Belçikaya böyük hesabla məğlub olsa da, onlarla görüşdə rəqibdə belə bir ab-hava hiss eləmədik. Üstəlik, seçmə mərhələdə hələ cəmi 2 oyun geridə qalıb. Birdən-birə səfərdə ağır rəqiblərlə qarşılaşdıq. Bu, təsirsiz ötüşmədi. Nəzərə alaq ki, zədəlilərimiz də var idi. Qarşıda hələ çox oyun var. Səhvlərdən nəticə çıxarıb, daha da irəliləmək barədə düşünürük. İsveçlə matçdan sonra baş məşqçi də futbolçulara bunu bildirdi.