Azərbaycan Ordusu yeni silahlarla təmin ediləcək

Müdafiə Sənayesi Nazirliyində 2019-cu ilin yekunlarına və qarşıda duran məsələlərə dair geniş müşavirə keçirilib.

Nazirlikdən Milletinsesi.az-a verilən məlumata görə, cari il ərzində Müdafiə Sənayesi Nazirliyinin birlik və müəssisələrinin istehsal və təsərrüfat fəaliyyətinin yekunları, 2020-ci ildə bu sahədə qarşıda duran vəzifələr müzakirə edilib.

Müdafiə Sənayesi naziri Mədət Quliyevin sədrliyi ilə keçirilən iclasda tabeçilikdə olan birlik və müəssisələrin 2019-cu il üzrə fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər müzakirə edilib. Qeyd olunub ki, Silahlı Qüvvələrin silah, sursat və digər müdafiə təyinatlı məhsullarla təmin edilməsinin vacibliyi nəzərə alınaraq cari ilin iyun ayında ölkə başçısı tərəfindən Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti bərpa olunub və Ali Baş Komandan İlham Əliyev tərəfindən verilmiş tövsiyə və tapşırıqların həlli istiqamətində atılacaq addımlar müəyyənləşdirilib.

Bildirilib ki, ölkə başçısının bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində ötən müddət ərzində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində müasir növ silahlar, döyüş sursatları, hərbi texnika, mühəndis-texniki vasitələr və digər müdafiə təyinatlı məhsullar istehsal edilərək Silahlı Qüvvələrə təhvil verilib.

Milli Ordunu yeni nəsil silah növləri ilə təmin etmək məqsədilə Müdafiə Sənayesi Nazirliyi tərəfindən yeni layihələrin reallaşdırılması istiqamətində məqsədyönlü işlərin davam etdirildiyi də diqqətə çatdırılıb.

Müşavirədə müdafiə təyinatlı məhsulların yaradılması və istehsalı ilə bağlı 2020-ci ildə qarşıda duran məsələlərə dair geniş müzakirələr aparılıb.

 

Share: