Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün yeni rekordları qeydə alınıb.
Moderator.az-ın məlumatına görə, VIII turun “Turan Tovuz” – “Neftçi” oyunu mövsümün ən çox tamaşaçı toplayan matçı olub.
Tovuz şəhər stadionunda gerçəkləşən və “Neftçi”nin 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanı 5000 azarkeş tribunalardan izləyib. “Turan Tovuz”un əvvəlki ev matçlarında müvafiq olaraq 4300 və 4000 fanat olub.
Buna qədər mövsümün rekordu VI turun “Qarabağ” – “Sabah” qarşılaşmasında qeydə alınmışdı. Ağdam təmsilçisinin 2:0 hesabı ilə qələbə qazandığı, Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşən görüşü 4500 nəfər izləyib.
VIII turda qapılara ümumilikdə 12 qol vurulub ki, cəmi 3-ü yerli futbolçuların hesabındadır. Belədə mövsümün ən az yerli qol sayı qeydə alınıb. Digər 9 qola əcnəbilər imza atıblar. Bu, legionerlərin ən çox fərqləndikləri tur olub. Buna qədər ən yüksək göstərici I və III turlarda (8 qol) olmuşdu.
Qeyd edək ki, Premyer Liqada IX turun oyunları oktyabrın 6-8-də keçiriləcək.