Milli maraqlara hesablanmış və praqmatik şəkildə həyata keçirilən xarici siyasət kursu Azərbaycanın həm iqtisadi, həm də siyasi baxımdan inkişafının əsasını təşkil edir. Dövlətimizin Qoşulmama Hərəkatı, Avropa Birliyi və digər nüfüzlu beynəlxalq təşkilatlarla sağlam əməkdaşlığı nə qədər mühüm əhəmiyyət kəsb etsə də, milli, tarixi mədəni köklərə bağlılıq üzərində qurulan Türk Dövlətləri Təşkilatı (TDT) diplomatik müstəvidə Azərbaycan üçün xüsusi önəm daşıyır.
Bu birliyə üzv ölkələrlə əlaqələrin daha möhkəmləndirilməsi, inkişaf etdirilməsi Azərbaycanın xarici siyasət kursunun vacib istiqamətlərindın biridir. Bu gün TDT həm beynəlxalq arenada, həm də Avrasiya qitəsində söz sahibi olan vahid gücə çevrillməkdədir. Noyabrın 11-də Səmərqənddə keçirilən TDT-nin IX Zirvə Görüşü və Prezident İlham Əliyevin çıxışı bu baxımdan xüsusi maraq kəsb edirdi.
Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib.
Deputat vurğulayıb ki, Zirvə Görüşündə ölkəmizin başçısı vacib məsələlərə toxunmaqla yanaşı, həm də ciddi mesajlar verdi.
Azərbaycanın hər zaman türk dünyası ilə sıx ünsiyyət qurduğunu və bu gün də TDT-yə üzv ölkələrlə əlaqələrə böyük önəm verdiyini qeyd edən dövlət başçısı 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq təşkilatın böyük inkişaf yolu keçdiyini bildirdi.
Prezidentin dərin təhlil və sistemli hədəfləri əks etdirən çıxışında 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiya olan Türk Dünyasının iqtisadi imkanları göstərilərək, belə bir gücə malik eyni kökdən gələn dövlətlərin daha sıx əməkdaşlığının ciddi nəticələr ortaya çıxaracağı bildirildi. Dövlətimizin başçısının nitqində xüsusi diqqət çəkən məsələlərdən biri də yalnlz iqtisadi-siyasi deyil, həm də mədəni-mənəvi məqamların öz əksini tapması idi. Belə ki, Azərbaycan liderinin “Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir” ifadəsi özündə böyük ideoloji anlam kəsb edirdi.
Bu, həm də TDT-nin üzvləri olan ölkələrdən kənarda yaşayan türkdilli xalqlar üçün mənəvi dəstək ifadəsi idi. Bundan başqa, digər ölkələrdə yaşayan türk xalqlarının hüquqlarının, təhlükəsizliyinin, onların diskriminasiya siyasətinə məruz qalmaları kimi problemlərin bu təşkilatda gündəmə gətirilməsi dəstəyin yalnız bəyanatla məhdudlaşmayacağının ilkin mesajı oldu. Heç şübhəsiz, bu məqamda ilk ağla gələn Güney Azərbaycanda yaşayan soydaşlarımızdır və dövlətimizin başçısının 40 milyon azərbaycanlının öz ana dilində təhsil ala bilməməsini açıq şəkildə dilə gətirməsi elə bütövlükdə türk dünyası üçün çox ciddi hadisəyə çevrildi.
Gələcəkdə türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları və digər milli hüquqları ilə bağlı məsələlərin TDT-nin daimi diqqətində saxlanacağını və bu istiqamətdə lazımi addımlar atılacağını göstərir.
Rəşad Mahmudov sonda qeyd edib ki, Prezident İkinci Qarabağ müharibəsindən danışaraq münaqişənin bitməsinə baxmayaraq, Ermənistanın sərhəddə hərbi təxribatlarını davam etdirdiyini diqqətə çatdırdı. Vurğuladı ki, bu ilin sentyabrında ordumuz hərbi təxribatın qarşısını almaq istiqamətində əks-hücum əməliyyatına başlamağa məcbur oldu.
Prezident bundan sonra da istənilən təxribata cavab veriləcəyini bildirdi və Qarabağ münaqişəsinin tarixdə qaldığını xatırladaraq, Zəngəzur dəhlizinin açılmasına da toxundu, bünun region ölkələri üçün faydalı olacağını söylədi.
Bir sözlə, TDT-nin Səmərqənddə keçirilən sammiti Azərbaycan Prezidentinin həm region, həm də təşkilatın gələcək inkişaf prespektivinə hesablanan ciddi mesajları ilə yadda qaldı. Bu mesajlar, eyni zamanda, onu göstərdi ki, dövlətimizin başçısı Türk Dünyasının aparıcı lideri kimi bölgənin gələcək taleyini həll edən söz sahiblərindən biridir.