Azərbaycan şəhərində PKK-ya abidə qoyuldu

Güney Azərbaycanın Qoşaçay şəhərində Tikantəpədə PKK terror təşkilatının İran qanadı PJAK-a qoyulan abidəyə etiraz olunub.

Teleqraf.com xəbər verir ki, aidiyyəti qurumlara yazılı müraciət edən şəhər sakinləri terror təşkilatının simvolunun götürülməsini tələb edib.

Müraciətdə bu addımın Güney Azərbaycana qarşı təxribat olduğu bildirilib.

Məktubda vurğulanıb ki, çoxlu sayda insanın qanına əli bulaşan terror qruplaşmalarının simvolunun şəhərdə nümayiş etdirilməsi yerli əhalini təhqir etmək deməkdir.

Bu addımı atan şəxslər və ya qurumların cəzalandırılması tələb olunub.

Qeyd edək ki, sözügedən abidə musiqi aləti (dəf) şəklində hazırlanıb. Abidədə PJAK kürd terror qruplaşmasının simvolu olan “günəş” əks olunub.

Abidənin Tikantəpə şəhərinin bələdiyyə başçısı Naseh Məhəmmədxani və Şəhər Şurasının kürd üzvü Hüseyn Mikailinin sifarişi ilə hazırlandığı vurğulanıb.

Abidə oktyabrın 9-da Tikantəpənin Şərifabad məhəlləsində ucaldılıb.

 

Share: