Azərbaycan və Bəhreyn gömrük sahəsində Anlaşma Memorandumu imzalayıb

Azərbaycan və Bəhreyn gömrük xidmətləri arasında Anlaşma Memorandumu imzalanıb.

 

Bu barədə Moderator.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

 

Bildirilib ki, Bəhreyn Krallığının Manama şəhərində Ümumdünya Gömrük Təşkilatının Siyasi Komissiyasının 87-ci sessiyası keçirilir.

 

Sessiya çərçivəsində “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Bəhreyn Krallığının Gömrük Xidməti arasında gömrük əməkdaşlığı haqqında Anlaşma Memorandumu” imzalanıb.

 

Sənədi Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov və Bəhreyn Krallığı Gömrük Xidmətinin rəhbəri Əhməd bin Hamad Əl Xəlifə imzalayıblar.

 

Anlaşma Memorandumu gömrük prosedurlarının tətbiqinin səmərəliliyini artırmağa kömək edən məlumatların mübadiləsi, gömrük işi sahəsində işçi görüşlərin, təlim kursları, seminarların təşkili, malların qanunsuz ticarəti ilə mübarizə, gömrük nəzarətinə dair təcrübə, gömrük qanunvericiliyinin pozulmasının qarşısının alınması və araşdırılması üzrə məlumat və üsulların mübadiləsi və s. məsələləri əhatə edir.

Mənbə

Share: