İranın Limanlar və Dənizçilik Təşkilatının tranzit, logistika və müqavilələr üzrə baş idarəsinin direktoru Xosrov Sarai və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Dəniz Təhlükəsizliyi şöbəsinin müdiri Vamiq Rəhimov arasında video-konfrans formatında iclas keçirilib.
İranın Azərbaycandakı səfirliyindən Milletinsesi.az-a verilən məlumata görə, iclasda İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi də iştirak edib. İclasda tərəflər iki ölkənin limanları arasında yükdaşımaların artırılmasının vacibliyini vurğulayıblar.
İclasda, həmçinin limanlar üzrə hər iki tərəfi maraqlandıran məsələlər, dəniz əməkdaşlığının artırılması üzrə bəzi sənədlərin ilkin mətni haqda fikir mübadiləsi aparılıb.
İclasda çıxış edən səfir S.A.Musəvi bildirib ki, Xəzər dənizi sülh, dostluq və əməkdaşlıq dənizidir.
“İran və Azərbaycan çoxlu dini, mədəni və tarixi ortaqlıqlara sahib iki Xəzəryanı ölkədir. Xəzər dənizi iki ölkə arasında əməkdaşlığı artırmaq üçün saysız imkan və potensiallar yaradıb. İki ölkənin enerji, iqtisadi, dənizçilik, balıqçılıq, turizm, dəniz elmləri və sairə sahələrində əməkdaşlığın səviyyəsini bir neçə dəfə artırmaq olar. İki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi üzrə istiqamətlərdən biri limanlar və dəniz nəqliyyatı sahəsidir”.