Oktyabrın 18-də Azərbaycan və İran gömrük xidmətləri arasında onlayn formatda görüş keçirilib. Hər iki qurumun informasiya texnologiyalarına cavabdeh struktur bölmələri rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə mal və nəqliyyat vasitələrinə dair məlumatların əvvəlcədən elektron qaydada mübadiləsinin gücləndirilməsi məsələləri müzakirə olunub.
Vurğulanıb ki, iki ölkənin gömrük orqanları arasında məlumat mübadiləsinin gücləndirilməsi sərhədkeçmə proseslərində risklərin daha səmərəli idarəolunmasına şərait yaradacaq. Bu da mal və nəqliyyat vasitələrinin sərhədkeçmə prosesinin sürətlənməsi, beynəlxalq tranzitin sadələşdirilməsi, regional nəqliyyat dəhlizlərinin, xüsusilə şimal-cənub nəqliyyat dəhlizinin cəlbediciliyinin artırılması baxımından əhəmiyyət daşıyır.