Azərbaycanla Meksika arasında turizm sahəsində təcrübə mübadiləsinin ikitərəfli münasibətlərə töhfə verməsi, pandemiyadan sonra turizmin bərpası istiqamətində atılan addımlar bu gün Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini Flores arasında keçirilən görüşdə müzakirə edilib.
Milletinsesi.az bu barədə Agentliyə istinadən xəbər verir.
Məlumata görə, görüş çərçivəsində, həmçinin 2022-ci ildə Qətərdə təşkil ediləcək Futbol üzrə Dünya Çempionatının keçirildiyi tarixlərdə Meksikadan olan azarkeşlərin Azərbaycana səfərlərinin təşkilinin təşviq edilməsi və aidiyyəti strukturlarla əlaqələrin qurulması məsələsi diqqətə çatdırılıb.
Səfir Meksikanın turizm ölkəsi kimi təcrübəsi, Kankun turizm bölgəsinin imkanları haqqında danışaraq bərpa olunması planlaşdırılan “Türk Hava Yolları” aviaşirkəti vasitəsilə həyata keçirilən İstanbul-Mexiko-Kankun-İstanbul uçuşlarının qarşılıqlı olaraq turist səfərlərinin daha əlçatan edilməsinə töhfə verə biləcəyini qeyd edib.
Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin və ticarət dövriyyəsinin artan xətt üzrə inkişafının işgüzar turizm əlaqələrinin genişlənməsinə təsiri, qarşılıqlı tanıtım və turizm əlaqələrinin inkişafı üçün turizm şirkətlərinin və media nümayəndələrinin səfərlərinin təşkilinə dəstək verilməsi haqqında fikir mübadiləsi aparılıb.