Azərbaycan və Türkiyə deputatları Ankarada bir araya gəlir

Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin rəhbərlik etdiyi nümayəndə heyəti Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 30 illiyinə həsr olunmuş Zirvə toplantısında, təşkilatın plenar sessiyasında, həmçinin Büro və Daimi komitə iclaslarında iştirak etmək üçün mayın 3-də Türkiyənin Ankara şəhərinə səfər edəcək.  

 

Modern.az xəbər verir ki, nümayəndə heyətinə deputatlardan – Milli Məclisin QDİƏTPM-dəki nümayəndə heyətinin rəhbəri Eldar Quliyev, komitə sədri Musa Quliyev, Kamran Bayramov, Jalə Əhmədova, Ramin Məmmədov, Elşad Mirbəşiroğlu və digər şəxslər daxildirlər. 

 

İclaslarda “QDİƏT PM-in 30-cu ildönümü: ümumi coğrafiya, ümumi baxış və gələcək”, “Qlobal dəyişikliklərin dinamikasında parlament diplomatiyasının rolu: inkişaf, sülh və sabitlik” və gündəliyinə daxil olan digər məsələlər müzakirə olunacaq, müvafiq qərarlar qəbul ediləcək. 

 

Ermənistan parlamentinin sədri Alen Simonyan tədbirdə iştirak etmək üçün ilk dəfə Türkiyəyə səfər edəcək. Səfərdə Simonyanı iqtidar komandasının deputatları müşayiət edəcək, parlamentin müxalifət təmsilçiləri Ankaraya getməkdən imtina ediblər. 

 

Əldə etdiyimiz məlumata görə, Zirvə toplantısı çərçivəsində Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında görüş nəzərdə tutulmayıb. İclas zamanı yalnız ümumi müzakirələr aparılacaq.  

Mənbə

Share: