Azərbaycana qarşı əsassız ittihamlar irəli sürülür

Dünya Azərbaycanın Ermənistan ilə dövlət sərhədində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsini yaratması ilə erməni yalanlarının yeni dalğasına şahid olmağa başladı. Yalana “həqiqət donu” geyindirərək dünyaya sırımağa çalışan ermənilərin həyasızlığına və məkrliyinə dair tarixdə saysız-hesabsız nümunələr var. Lakin təəssüf doğuran hal odur ki, dünya ictimaiyyəti ermənilərin bu manipulyasiyalarına və yalanlarına nəinki inanır, hətta bəzən onun fəal iştirakçısına, alətinə çevrilir. Çox təəssüf ki, bu hala beynəlxalq ictimaiyyətin ermənilərin Azərbaycanın Qarabağdakı erməni əhalisinin guya “blokada”da qalması və “humanitar fəlakət” hay-küyünə qulaq verməsində bir daha şahid oluruq. Lakin yalan ayaq tutar, yeriməz deyirlər. Qarabağdakı ermənilərin bu yalanları elə onların özləri tərəfindən biabırçı formada üzə çıxarılır.

 

Modern.az xəbər verir ki, Norveçin nüfuzlu “Aftenposten” nəşrində dərc olunan “Azərbaycana qarşı əsassız ittihamlar irəli sürülür” sərlövhəli məqalədə Qarabağdakı ermənilərin guya “humanitar fəlakət”lə üzləşmələri barədə erməni yalanlarından bəhs edilib.

 

Məqalənin müəllifi, Norveçdə fəaliyyət göstərən “Can” diaspor təşkilatının sədri Şervin Nəcəfpurun qələmə aldığı yazıda “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin yaradılmasından sonra Qarabağdakı ermənilərin guya blokada qalmaları barədə əsassız iddiaları müəllifin topladığı, Qarabağdakı ermənilərin gündəlik həyatları ilə bağlı sosial şəbəkələrdəki paylaşımları ilə alt-üst edilib. Yazıda vurğulanıb ki, Azərbaycana qarşı guya Qarabağdakı erməni əhalisini qida, su, dərman, yanacaq və elektrik enerjisi ilə təmin olunmadan dünyanın qalan hissəsindən təcrid etməsi ilə bağlı əsassız ittihamlar irəli sürülür. Lakin Azərbaycan ermənilərin bütün ehtiyaclarını ödəməyə hazırdır. Azərbaycan Qarabağa malların daşınması üçün Ağdam rayonu ilə Xankəndi arasındakı açıq yoldan istifadə olunmasını təklif edir. Lakin bu təklifi qəbul etməyən ermənilərin “humanitar böhran” və “blokada” iddialarının sırf siyasi manipulyasiya olduğu xüsusi vurğulanıb. Ermənistan KİV-lərinin, eləcə də ermənilərin bəzi havadarlarının da bu siyasi manipulyasiyalardan faydalanmağa və erməni yalanlarını daha da şişirtməyə çalışdıqları bildirilib.

 

Ş.Nəcəfpurun Qarabağın erməni sakinlərinin gündəlik həyatları ilə bağlı sosial şəbəkələrdən topladığı paylaşımlar onların “blokada” şəraitində yaşamaları, “humanitar fəlakət” ilə üzləşdikləri yalanlarını tamamilə ifşa edir. “Xankəndi mənim sosial mediadakı axtarışlarıma əsaslansaq, arzulanan yer kimi görünür. Ümid edirəm ki, norveçli jurnalistlər araşdırma aparmaq üçün təşəbbüs göstərəcəklər”, – deyə Ş.Nəcəfpur məqalədə vurğulayıb.

 

BP Azərbaycan şirkətinin Hökumətlə işlər üzrə baş müşaviri, Qarabağ müharibəsi veteranı Qivami Rəhimli həmin məqalə ilə bağlı şərhində ermənilərin yalan danışmaq “istedadı” barədə qeyd edib: “Ermənilərin tarixi faktları saxtalaşdırmaq, qərəzli iddiaları, xüsusən də guya onların əzablara məruz qalması barədə yalanları şişirtmək ənənəsi bu gün də davam edir. Ermənisayağı saxta xəbərlər media orqanlarına yol tapmaqla beynəlxalq ictimaiyyətin diqqətini yayındırır. Necə ki, Ermənistanın Spitak rayonunda baş verən zəlzələ zamanı, “Azadlıq Radio”sunun qeyd etdiyi kimi, “…ermənilərin zəlzələdən xilasetmə işləri barədə xəbərləri həqiqət sayıla biləcək qədər çox yaxşı idi”. Ermənilərin uydurma xəbərləri bu gün də həmin köhnə qaydada yayılmaqda davam edir. Amma köhnə bir məsəldə deyildiyi kimi: “Şahid həqiqəti deyəndə insanların həyatını xilas edir; yalan danışanda insanlara xəyanət edir”.

Mənbə

Share: