Azərbaycanda avtomobil istehsalının həcmi ARTACAQ

2019-cu ildə Azərbaycanda 2360 minik avtomobili istehsal edilib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 1.8 dəfə çoxdur.

Milletinsesi.az-ın Dövlət Statistika Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanda minik avtomobilləri, qoşqu və yarımqoşquların ümumi istehsalı 315.5 milyon manat (il ərzində 10.6 faiz artım) təşkil edib.

Azərbaycana ümumilikdə 475 milyon manat dəyərində 36.061 min avtomobil idxal edilib. Ölkəyə 54 milyon manat dəyərində 3261 yük maşını (artım müvafiq olaraq 1.7 və 1.9 dəfə) və 68.7 milyon manat dəyərində 494 avtobus (artım müvafiq olaraq 2,1 və 5.5 dəfə) gətirilib.

2018-ci ildə Azərbaycanda “Xəzər” brendi altında avtomobil istehsal edən yeni avtomobil zavodu istifadəyə verilib. Bu, ölkədə minik avtomobilləri istehsalının əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Ölkədə, həmçinin Çinin “Lifan” avtomobillərinin yığıldığı Naxçıvan Avtomobil Zavodu, eyni zamanda traktorlar, kənd təsərrüfatı texnikaları, Belarus və Rusiya şirkətlərinin bir neçə yük avtomobillərinin modellərini istehsal edən Gəncə Avtomobil Zavodu fəaliyyət göstərir.

Hökumətin proqnozlarına görə, 2020-ci ildə maşın istehsalının həcmi 56 milyon manat, 2021-ci ildə – 85.3 milyon manat, 2022-ci ildə isə 113.3 milyon manat təşkil edəcək.

Ölkədə avtomobil istehsalı həcminin tədricən ildə yeddi minədək artırılması planlaşdırılır. Bu say 2020-ci ildə 2 min, 2021-ci ildə 3,5 min, 2022-ci ildə 5,3 min və nəhayət 2023-cü ildə yeddi min ədədə qədər artacaq.

Share: