Azərbaycanda avtonəqliyyat vasitələrinin sığortası 28% artıb

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən əmlak sığortası üzrə 87,2 mln. manat məbləğində sığorta haqqı toplanıb, 17 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.

“APA-Economics”in Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 8,7% az və 73,5% çoxdur.

Cari ilin ilk səkkiz ayında sığorta şirkətləri tərəfindən əmlakın sığortası üzrə 70,1 mln. manatlıq sığorta haqları toplanıb, 16,7 mln. manatlıq ödənişlər edilib. Ötən ilin analoji dövrü ilə müqayisədə toplanan haqlar 9,2% azalıb, sığorta ödənişləri isə 2,1 dəfə artıb.

Hesabat dövründə sığortaçılar tərəfindən həmçinin 22,1 mln. manat məbləğində avtonəqliyyat vasitələrinin sığortası üzrə haqq toplanılıb, 7,8 mln. manat məbləğində isə sığorta ödənişləri həyata keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 27,7% və 32,2% çoxdur.

Bundan başqa, bu ilin yanvar-avqust aylarında ölkədə hava nəqliyyatı vasitələrinin sığortası üzrə 10,6 mln. manat məbləğində (artım 7%) haqq toplanılıb, 5,7 mln. manatlıq (artım 23,1 dəfə) ödənişlər həyata keçirilib.

Eyni zamanda, hesabat dövründə 6 mln. manat (artım 17,6%) məbləğində su nəqliyyatı vasitələri sığortalanıb və bu sığorta növü üzrə 0,9 mln. manatlıq (artım 50%) ödənişlər həyata keçirilib.

Share: