“Azərbaycanda əhaliyə onun ödəniş qabiliyyəti ilə müqayisədə çox kredit verilir. Bu da normal hal hesab edilmir. Ona görə ki, əhali krediti əsasən istehlakı üçün götürür. Odur ki, kreditlərin elə dövlət layihələrinə, sahibkarlığın inkişafına ayrılması daha məqsədəuyğundur. Çünki nəticədə yeni iş yerləri yaradılır və əhalinin məşğulluğu təmin olunur”.
Bu fikirləri Publika.az-a Mərkəzi Bankın kredit portfeli haqqında məlumatı ilə bağlı açıqlamasında iqtisadçı-hüquqşünas Əkrəm Həsənov bildirib.
“Mərkəzi Bankın təqdim etdiyi məlumatda qeyd olunur ki, ölkədə bank və digər kredit təşkilatlarının kredit portfeli 2022-ci ilin dekabrın 1-nə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21,1 faiz artaraq, 20 milyard 218 milyon 700 min manat təşkil edib. Burada göstərilir ki, həmin məbləğin 80,7 faizi (16 milyard 312 milyon 500 min manatı) uzunmüddətli kreditlərdir. Deməli, o kreditlərin mütləq əksəriyyəti iri dövlət layihələrinə, işğaldan azad edilmiş bölgələrdə bərpa-quruculuq işlərinə və s. ayrılıb. Açıqlanmasa da, uzunmüddətli kreditlərin faiz göstəricisinə əhaliyə ipoteka kreditlərinin verilməsinin də daxil olduğunu təxmin etmək olar”, – deyə ekspert fikirlərinə əlavə edib.
Əkrəm Həsənov bildirib ki, əslində dövlətin iri layihələrə, sahibkarlığın inkişafına kredit ayırması müsbət haldır:
“Azərbaycanda əhalinin ödəniş qabiliyyəti aşağıdır. Amma buna baxmayaraq, ona çox kredit verilir. Bu da anormal hal hesab edilir. Odur ki, kreditin sahibkarlığın inkişafına dəstək, yeni iş yerlərinin yaradılması məqsədilə ayrılmasının daha məqsədəuyğun olduğunu düşünürəm”.