Azərbaycanda bu məhsulların qiyməti bahalaşacaq

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, dünyada ərzaq mallarının qiyməti 7 ayda ilk dəfə yüksək həddə çatıb. Məlumata görə, dünya üzrə bitki yağları, süd məhsulları və ətin qiymətində artım qeydə alınıb. 

 

Təşkilat bildirir ki, qiymət artımı pendir və yağın bahalaşması ilə əlaqədardır. Ət qiymətləri indeksi əvvəlki ayla müqayisədə 1,7% artıb, demək olar ki, bütün ət növləri üzrə qiymətlər artıb.

 

Maraqlıdır bu, sözügedən məhsulların Azərbaycanda da bahalaşması gözlənilirmi? Ramazan bayramı ərəfəsində bazarlarda vəziyyət necədir?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Liberal İqtisadçılar Mərkəzi sədri Akif Nəsirli bildirib ki, Azərbaycanda da ət, süd məhsulları və bitki yağlarının bahalaşacaq:

 

“Ümumiyyətlə, dünya bazarında bu cür məhsullarının artım tempi ilə bağlı informasiyanın gəlməsi belə Azərbaycan bazarı üçün bahalaşmaya əsasdır. Ona görə ki, ölkədə qeyd olunan məhsulların satışı demək olar ki, böyük şəhərlərdə marketlərin, bir qrupun inhisarındadır. İnhisarçı bazarda isə qiymətlərin bahalaşması üçün haradansa informasiya bəs edir. Ona görə də FAO-nun bu informasiya artıq adıçəkilən məhsulun bahalaşnması üçün əsasdır. Qarşıdakı günlərdə bahalaşmaların şahidi olacağıq. Rəqabətli bazarda isə informasiya o qədər ciddi təsirə malik deyil. Çünki onlar rəqibləri qarşısında öz üstünlüklərini nümayiş etdirmək üçün qiymətlərin bahalaşmasına getməməyə çalışırlar. Son anda iqtisadçı çıxarlar artıq meydana gəlib, satdıqları məhsulların maya dəyəri qalxanda rəqabətli bazarda qiymət artımlarına çox ehtiyyatla gedilir”.

A.Nəsirli Ramazan bayramında dövriyyəsi artacaq məhsulların da bahalaşacağını deyib:
 

“Ramazan bayramının təsiri Novruz bayramının təsiri qədər olmayacaq. Əhalinin o qədər də böyük kəsimi bu bayrama əhəmiyyət verimir. Hər halda bayram qeyd ediləcək. Bu zaman hansı məhsullara daha çox tələbat varsa, onların dövriyyəsi artacaq. Bu üzdən müəyyən bahalaşmalar müşahidə olunacaq”.
 

İqtisadçı ekspert Natiq Cəfərli vurğulayıb ki, Azərbaycan bazarı xaricdəki qiymət artımlarına həssasdır:
 

“Azərbaycanda ərzaq qiymətlərinin xarici bazarlardan asılılığı hər kəsə məlumdur. Biz öz ərzaq məhsullarımızla özümüzü 25 faiz təmin edirik. Ərzaq məhsullarının 74-75 faizi isə xaricdən alınır. Yerli istehsal olduğu deyilən çay və süd məhsullarının xammalları da xaricdən alınır, burada qablaşdırılııb bazara çıxarılır. Buna görə də Azərbaycan bazarı xaricdəki qiymət artımlarına qarşı həssasdır”.

N.Cəfərli qiymətlərin bahalaşmasını yalnız xarici faktorlarla bağlamağın doğru olmadığını söyləyib:

 

“Yerli problemlər də mövcuddur. Ərzaq məhsullarının satışında Əlavə Dəyər Vergisini məncə azaltmağa ehtiyac var. Qeyri-ərzaq məhsullarında 18 faiz ƏDV normaldır. Amma ərzaq məhsullarının marketlərdə pərakəndə satışı zamanı 18 faizlik verginin 2 faizə endirilməsi məncə daha məntiqli olardı. Bu zaman qiymətlərin də ucuzlaşmasına şahidlik edə bilərdik”.

Mənbə

Share: