Azərbaycanda “Büdcə sistemi haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Hesablama Palatası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi hazırlanıb.
“Report” xəbər verir ki, sənəd bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2022-ci ilin payız sessiyasında ilk iclasında müzakirə edilib.
Təqdimatda diqqətə çatdırılıb ki, qanun layihəsi “Büdcə sistemi haqqında” qanunda dəyişiklik edilməsi barədə” 24 dekabr 2021-ci il tarixli qanunun icrası məqsədilə hazırlanıb. Sənədə əsasən, “Büdcə sistemi haqqında” qanunda “toplu maliyyə balansı” anlayışının ləğv edilməsi, qanunun 7-ci maddəsinə uyğun olaraq 15.4-cü maddəsinin dəqiqləşdirilməsi nəzərdə tutulub. Qeyd olunub ki, İşsizlikdən sığorta fondu öz statusuna görə hüquqi şəxs yaratmadan təsis edilmiş büdcədənkənar dövlət fondu olduğundan “İşsizlikdən sığorta haqqında” qanunun 20-ci maddəsinə müvafiq dəyişiklik təklif olunur.
Nəzərə çatdırılıb ki, Hesablama Palatası “Büdcə sistemi haqqında” qanunun 1.1.31-1-ci maddəsində nəzərdə tutulan büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələrinə və həmin büdcədənkənar dövlət fondlarının icrasına dair illik hesabatlara rəy verir. Bura Dövlət Neft Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu və İşsizlikdən Sığorta Fondu aid edilib. Həmin qanunun tələbi ilə bağlı dəyişikliklər “Hesablama palatası haqqında” qanunun müvafiq maddələrində öz əksini tapıb.