Bu ilin aprel ayında Azərbaycanda “Facebook” istifadəçilərinin fəallığı mart ayı ilə müqayisədə 3,2% artıb.
ONA-nın “Global Stats” statistika mərkəzinə istinadən verdiyi məlumata görə, mayın 1-nə “Facebook”un Azərbaycanın sosial media bazarında payı 40,4% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 4,5% çoxdur. Populyarlığına görə “Facebook” ölkənin sosial media bazarında birinci yeri tutur.
Sosial şəbəkələri arasında populyarlığına görə ikinci yerdə “Pinterest” qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı aprel ayı ərzində 4,6% artıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında payı cari ilin mayın 1-nə 20,2% təşkil edib, bu da ötən ilin analoji göstəricisindən 89,7% çoxdur.
Bu ilin aprel ayı ərzində ölkə üzrə “YouTube” şəbəkəsinin istifadəçilərinin fəallığı 2% artıb. Mayın 1-nə olan məlumata əsasən, “YouTube” Azərbaycan sosial media bazarında 18,6% bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 40,6% azdır.
Digər sosial şəbəkələrin pay bölgüsü: “Instagram” – 9,5%, “Twitter” – 6,9%, “Google+” – 1,8% “VKontakte” – 1,1% və s.