“Azərbaycanda hansısa futbolçunu tanımıram”

Qvatemala millisinin və “Deportivo Kali”nin  (Kolumbiya) qapıçısı Rikardo Jerez  həmyerlisi Nikolas Hagenin “Səbail”ə transfer olunmasına münasibət bildirib.

Qol.az ESPN-ə istinadən xəbər verir ki,   34 yaşlı qolkiper Hagenin Azərbaycan klubuna keçməsinə təəccübləndiyini deyib:

“Oranın futbolu haqqında heç nə bilmirik. Azərbaycanlı futbolçulardan heç birini tanımıram. Niko yaxşı oyunçudur. Portuqaliyanı tərk etdiyini başa düşürəm. Amma gözləyirdim ki, o, futbola daha vacib yanaşılan bir ölkədə çıxış edəcək”.

Jerez bildirib ki, xaricdə təcrübə Nikolasın şəxsi baxımdan da böyüməsinə kömək edəcək: “Legioner həyatı yaşamaq istəyən hər bir futbolçuya dəyər verirəm. Qvatemalaya gələndə,  milli komandada çıxış edəndə rahat və üstün olduğunu düşünürsən. Xarici klublarda çıxış etmək həm səni bir insan kimi yetişdirir, həm də tək yaşamağı öyrədir. Niko bu vəziyyətdə yeni bir dil və yeni bir mədəniyyət öyrənəcək. Ümid edirəm ki, o, çox yaxşı işlər görür və idmana, insanlara dəyər verilən, futbolçunun üzərində işləyən bir komandadadır. Nikonun çox xəyalları,  arzuları var və onları həyata keçirmək üçün şəraitinin olduğunu da bilirəm”.

Share: