Azərbaycanda insanlar daha çox bu qidaları almağa çalışır: ət, yağ…

2022-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 45111 milyon manatlıq mal, o cümlədən 25354,3 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 19756,7 milyon manatlıq qeyri-ərzaq malları satılıb. Bu məlumatlardan görünür ki, əhali qazancının 51 faizini ərzağa xərcləyib.

Bəs 2022-ci ildə vətəndaşlar əsasən hansı ərzaq məhsullarından istifadə ediblər?
 

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Modern.az-a deyib ki, bəzi məhsullar var ki, artıq  əhali üçün yadlaşıb.

“Məsələn, qara kürünü götürək. Şəxsən mən 20 ildir ki, onu süfrəmə qoya bilmirəm. Çünki qara kürünün qiyməti həddindən artıq bahalaşıb. Elə bu məqamda müşahidələrimə əsasən deyə bilərəm ki, sanki insanlar hansı məhsul bahadırsa, onun arxasınca gedib, əlçatanlıq yaratmaq istəyir. 2022-ci ildə də  əhali öz qida rasionuna qiymətləri nə qədər bahalaşsa da, daha çox ət və ət məhsulları, balıq məhsullarını daxil ediblər. Digər yandan kartof, yumurta və yağ geniş istifadə olunan ərzaq məhsulları olub”, – AİB sədri bildirib.

Onun sözlərinə görə, 2023-cü ildə də eyni qida məhsullarına üstünlük veriləcək:

“Bu il ərzində də insanlar əsasən qırmızı ətdən istifadə etməyə çalışacaq. Balıq məhsulları, yumurta, kartof və çörək də əsas istehlak edilən məhsullar olacaq. Balığa insanlarda maraq var. Yağ məsələsinə gəldikdə isə vəziyyət kritikdir. Kərə yağının qiyməti olduqca bahadır. Hər gün bahalaşır. Ola bilsin ki, bir müddət sonra yağın bu növü insanlar üçün yadlaşacaq”.
 

AİB sədrinin fikrincə, getdikcə bazarda keyfiyyətsiz məhsulların sayı da artacaq:
 

“Əlbəttə, keyfiyyətsiz ərzaq insanların sağlamlığı üçün təhlükəlidir. Təəssüf ki, Qida Təhlükəsizliyi Agentliyi də bunun qarşısını ala bilmir. Çünki onun nizamnaməsində qidanın keyfiyyəti ilə bağlı məsuliyyət göstərilməyib”.

Mənbə

Share: