Azərbaycanda kiber akademiya açılacaq

20 sentyabr 2022-ci il tarixində Azərbaycanın ən böyük kibertəhlükəsizlik müəssisələrindən biri olan PROSOL Şirkəti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) birgə layihəsi olaraq ərsəyə gələn “PRO-ACADEMY” təlim-tədris mərkəzinin rəsmi açılış mərasimi keçiriləcəkdir.

“PRO-ACADEMY”-nin əsas məqsədi Azərbaycanda kibertəhlükəsizlik üzrə yerli və milli kadrların hazırlanması, gənc mütəxəssislərin, həmçinin bu istiqamətdə təhsil alan tələbələrin bilik və bacarıqlarının daha da artırılması yolu ilə onların ölkəmizə qazandırılmasıdır. Müasir dövrün ən böyük hədəflərindən birinə çevrilən kiber təhdidlər həm fərdlər, həm şirkətlər, həm də dövlətlər üçün ciddi fəsadlar yaradır. Getdikcə daha təhlükəli hal alan bu tendensiya ölkələrin belə çağırışlara qarşı özünün müdafiə potensialını formalaşdırmasını şərtləndirir. Bu mənada, Azərbaycanda da yüksək biliyə və təcrübəyə sahib olan kiber mütəxəssislərin hazırlanması, onların ölkəmizə qazandırılması mühüm əhəmiyyət kəsb edir.

PROSOL Şirkəti ilə ADNSU-nun birgə yaratdıqları akademik mərkəz, məhz kiber çağırışlara qarşı effektiv mübarizə aparılması ehtiyacından ortaya çıxmışdır. Mərkəz öz tələbələrinə kiber hücum, kiber müdafiə, kiber araşdırma və qiymətləndirmə, kiber siyasətlər, qaydalar və prosedurlar, eləcə də digər aktual istiqamətlərdə təhsil verəcəkdir. Onu da qeyd edək ki, PROSOL Şirkətinə məxsus  Kiber Təlim Mərkəzində son bir il ərzində təmənnasız olaraq 50-dək kiber analitik və mütəxəssis hazırlanaraq ölkə bazarına qazandırılmışdır.

“PRO-ACADEMY” təlim-tədris mərkəzinin açılış mərasimi 20 sentyabr saat 16:00-da ADNSU-nun inzibati binasında baş tutacaqdır.

Mənbə

Share: